4660
Üzbəüz 7 avqust — 11:37

Azərbaycanlı milyarderi “Lefortovo” zindanında görüblər

Rusiyanın Moskva vilayətinin Serepuxovsk rayonunun keçmiş bələdiyyə sədri, özünün bildirdiyi kimi vəzifəsindən imtinaya məcbur edilmək üçün Federal Təhlükəsizlik Xidmətinin generalının sifarişi ilə həbs edilən Aleksandr Şeptun “Lefortovo” təcridxanasında gördüklərindən yazıb.

Virtualaz.org xəbər verir ki, Şeptunun təcridxana gündəliyini “pasmi.ru” (1-ci antikorrupsiya KİV-i) dərc edib. Belə məlum olur ki, Şeptun Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı qəsəbədən olan yəhudi milyarder Roman Manaşirovla bir kamerada saxlanılır. Roman Manaşirov üç il əvvəl istintaqa rüşvət verməkdə və digər cinayətlərdə ittiham olunaraq tutulub.

Şeptun yazır ki, “Lefortovo”nun sakinləri terrorçular, seriya qatillər və vətən xainləri ilə yanaşı oliqarxlar, generallar, qubernatorlar və digər sanballı keçmiş məmurlardır.

"Lefortovo" zindanı

“Bu təcridxananın mövcudluğu ərzində bir dəfə də ora mənim kimi kənd bələdiyyəsinin sədrini salmayıblar. Mən dövlət üçün niyə belə təhlükəliyəm? Ona görə ki, FTX generalı İvan Tkaçevin və prezident administrasiyasının daxili siyasət Baş idarəsinin rəisi Andrey Yarinin məni həbslə necə hədələdikləri barədə prezident Putinə videomüraciət hazırlayıb yaymışdım. Onlar məndən istefa barədə ərizə yazmağı tələb edirdilər. Kamera yoldaşım, milyarder Roman Manaşirov deyir ki, üç ildir bura qapadılıb və ilk dəfədir mənim kimi xırda məmurla qarşılaşır. “Lefortovo” sifarişlə tutulan məhbusların saxlanıldığı yerə çevrilib, ədalət naminə demək lazımdır ki, terrorçular və dövlətə xəyanət edənlər hər halda burada çoxluq təşkil edir”-Şeptunun təcridxana qeydlərində bildirilir.

Şeptun yazır ki, “Lefortovo” zindanında ən məşhur oliqarxlar dağıstanlı Maqomed və Ziya Maqomedovlardır. Onlar bir neçə aydır təcridxanada saxlanılırlar, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirləndirilirlər. Hərçənd onlar tərtəmiz biznesmenlərdir, “Lefortovo”da hörmətləri var. Onlar hamısı özlərini biznesdə olduqları kimi Dağıstanda da ləyaqətli aparıblar. Əgər Dağıstan hökuməti bütün tərkibdə “Lefortovo”ya salınsaydı sakinlər buna ancaq sevinərdi. Lakin Maqomedovların həbsi əhalidə mənfi reaksiya yaradıb.

Manaşirovun kamera yoldaşı A.Şeptun

Maqomedov qardaşları, Roman Manaşirov və digər oliqarxlar təcridxanada sınmır, istintaqla əməkdaşlığa getmir və Şeptun yazır ki, onların möhkəm xarakterə malik olduqları təsdiqlənir.

Şeptun Roman Manaşirovla bağlı yazır: “Beləliklə, konvoy məni yeni kameraya, Roman Manaşirovun yanına aparır. 2018-ci il, iyulun 19-da, saat 15.00-da. Sənədlərə əsasən onun adı Gennadi Xiyayeviçdir, ancaq xahiş edir ki, ona Roman  deyim. Çünki balaca vaxtından onu Rambom çağırıblar, bu ad yəhudilərdə Hayfada tikilmiş böyük klinikanın adından gəlir. Kilinikanın adı isə öz növbəsində Tövratda təsvir edilmiş müqəddəs şəxsiyyətin adından götürülüb.

49 yaşlı Roman Manaşirov Quba rayonundakı Qırmızı qəsəbədəndir. Əhalisinin sayı təxminən 5 min nəfər olan bu qəsəbə Moskvada milyarderlər yurdu kimi məşhurdur. Hərəsinin sərvəti 4 milyard dollardan çox olan Qod Nisanov və Zarah İliyev Roman Manaşirovun keçmiş dostları və qonşuları olublar. Qardaşı Solomon Manaşirov da o cümlədən.

Roman Manaşirov

Əgər təcridxanada səni mədəni və ziyalı adamla bir kamerada yerləşdirirlərsə bu böyük xoşbəxtlikdir. Roman dərhal mənə stol açdı, sakitləşdirdi, dedi ki, nəyi varsa ümumidir. Onun kamerası daha rahatdır, sərindir. Soyuducusu böyükdür, televizoru var, o cümlədən sərinkeşi. Dostu Qrişa Pirumovdan qalıb. Soyuducuda yüksək keyfiyyətli Bakı pomidoru, xiyar, göyərti, qızardılmış ət, hinduşka, toyuq, qoz var. Roman burada az qala üç ildir ki, oturur. Dərhal nəzərə çarpır ki, “Lefortovo” administrasiyası ona hörmət edir. Bütün konvoyları, tibb işçilərini, aşbazları adı ilə tanıyır və onların hamısı Romana hörmətlə yanaşırlar.

Manaşirovun da mənim kimi beş uşağı var, arvadı mənim arvadımla yaşıddır-1979-cu ildən. Uşaqlarının fotoları həmişə dolabının üstündədir, uşaqlardan söhbət düşən kimi gözləri yaşarır.

Məlum olur ki, Romanla bizim haradasa 50 ümumi tanışımız var. O, Rusiyada və Şərqi Avropada ən iri ticarət mərkəzini-“Columbus”u tikib. “Armada”, “Prajskiy passaj” və digərləri də onun mülkiyyətindədir. Roman “Lefortovo”da üç ildir ailə üzvləri ilə görüşə, zəngləşə bilmir. Əvəzində ona Pyotr adlı aşbazın əli ilə təxribat təşkil ediblər. O, FTX-nin tapşırığı ilə 2016-cı ilin fevralında Manaşirova 300 min rubla telefon təklif edib. Əlbətdə, ertəsi gün kamerada axtarış aparılıb və telefonu tapıblar, aşbaz Pyotr isə dərhal etiraf edib. Sonradan Pyotr ağlayaraq üzr istəyib və deyib ki, onu FTX məcbur etmişdi. Hər halda məhkəmədə ifadəsini dəyişib, buna baxmayaraq telefonla bağlı cinayət işi Manaşirovun işinin materiallarında qalır...”

Xatırladaq ki, Roman Manaşirov 2015-ci  ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, Telman İsmaylovun keçmiş ortağıdır, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. 2016-cı ilinyazında isə qardaşı Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.

Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdür. Rusiya biznes mediası bir müddət əvvəl “Columbus” ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. haqda xəbərlər var. Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir

"Lefortovo" sakini Ziya Maqomedov

KİV-lər yazırlar ki, sahibləri “Columbus” ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa “Morgan Stanley” bankı maraq göstərir. Lakin “Kommersant” xəbər verib ki, “Columbus”u almaq istəyən başqaları da var. Bunlar Qırmızı qəsəbədən olan digər yəhudi oliqarxlar-Qod Nisanov və Zarah İliyev, habelə onların ayrılmaz ortaqları, prezident Putinin tələbəlik dostu İlham Rəhimovdur.

Daha sonra FTX Manaşirov qardaşlarına qarşı yeni ittihamlar irəli sürüb. Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri  bir neçə il əvvəl həbs edilən kriminal avtoritet “Şakro Molodoy”un (Zaxari Kalaşov) Roman və Solomon Manaşirov qardaşlarına “krışalıq” etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.

FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri “Şakro Molodoy”la əlbir olub. Öz növbəsində “Şakro Molodoy” Moskvadakı “Şirvan qruplaşması”nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların “krışası” və bir növ güc qanadı idi.

Qırmızı qəsəbə

Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. “DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar”-FTX-dəki mənbə deyib.

Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə “Şakro” qarışırdı.

Manaşirov qardaşlarının bütün əmlakına həbs qoyulub və Romanın barəsində çıxarılmış həbs qətimkan tədbiri hər dəfə uzadılır, istintaq bitmək bilmir.

Virtualaz.org

Xəbərlər