690
Üzbəüz 11 iyul — 15:49

Azərbaycan və Aİ tərəfdaşlıq prioritetlərini müəyyənləşdirdilər

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb və sənədin paraflanması mərasimi keçirilib.

Virtualaz.org bildirir ki, bu barədə Avropa Komissiyasının saytı məlumat yayıb.

Sənədi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.

Mərasimdə Azərbaycan Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak ediblər.

Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan və Avropa İttifaqı xalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.

Tərəfdaşlıq prioritetləri artıq Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir. Bu prioritetlər korrupsiya, terrorizmə qarşı mübarizədə potensialın artırılması, dövlət idarəetmə islahatları, iqtisadi inkişaf və bazar imkanları, enerji səmərəliliyi, ətraf mühit və iqlim kimi məsələləri əhatə edir.

Tərəfdaşlıq prioritetləri həmçinin 2018-2020-ci illərdə Aİ və Azərbaycan arasında maliyyə əməkdaşlığı üçün də əsas təşkil edir.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələri adından danışıqlar aparmaq üçün mandat verib.

Yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir.

Xəbərlər