886
Üzbəüz 17 may — 17:21

Kürəkən: “Qaynanam mənə əxlaqsız təklif etdi, itələdim, yıxılıb öldü”

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan 35 yaşlı Ağdaş rayon sakini Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

İttihama əsasən, Cavad İbrahimov ailə qurduqdan sonra spirtli içkiyə qurşanıb, tüfeyli həyat tərzi sürüb, mütəmadi olaraq ailədə mübahisə yaradıb. O, dəfələrlə epilepsiya xəstəliyindən əziyyət çəkən qaynanası Nigar Niftəliyevanı döyüb. Sonuncu dəfə bu ilin yanvar ayında C.İbrahimov qaynanasını azyaşlı oğlu Camalın gözləri qarşısında döyərək işgəncə verib. Zərbələrdən təsirindən qadın dünyasını dəyişib.

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Cavad İbrahimov ifadəsində qaynanasını öldürmək niyyəti olmadığını göstərib. Üç uşaq atası olan Cavad mərhumun qızı ilə 6 il öncə ailə qurub. Birgə nikahdan 3 övladları var. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası Nigar da onların yanına köçüb: ”Qaynanam sakit adam idi. Bəzi xəstəliklərdən əziyyət çəkirdim. Arvadım xama sexində işləyirdi. Ev işlərini qaynanam görürdü. Qaz olmadığından zibillikdən odun tapıb gətirir, evi qızdırırdı. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənib yıxılmışdı. Dəfələrlə Nigara odun dalınca getməməsini tapşırmışdım”.

C.İbrahimov istintaqa verdiyi ifadəsində qaynanasının ona əxlaqsız təklif etdiyini göstərib: “On-on beş gün bizdə qaldıqdan sonra onun əxlaqsız qadın olduğunu anladım. Mənə özü təklif etdikdə etirazımı bildirdim, tənbeh etdim. Arvadım evə gələndə məsələni ona da danışdım. Yoldaşım anası ilə mübahisə də etdi. Qaynanam dedi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən üç-dörd gün sonra qaynanam yenidən mənə əxlaqsız təkliflər etməyə başladı. Etirazımı bildirdim, itələdim, başı divara dəydi, xəsarət aldı, yerə yıxıldı. Lakin huşunu itirməmişdi. Divana uzatdım, paltarlarını soyundurdum ki, rahat olsun. Gördüm dişləri kilidlənib, tez əlimlə dişlərini araladım ki, birdən dili qatlanar. Ola bilər ki, həmin vaxt çənəsinə, ya da damağına xəsarət yetirmişəm. Telefonum olmadığından uşaqları evdə qoyub qaçıb təcili yardım çağırmışam. 20 dəqiqə sonra təcili yardım gəldi. Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib”.

Zərərçəkmişin hüquqi varisi M.Osmanov ifadəsində göstərib ki, C.İbrahimov bundan öncə də bir neçə dəfə bacısını döyüb. "Bacımı döydüyü üçün bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər, şikayətimizi geri götürdük. Sonra rayonda oğurluq elədi, Bakıya qaçdı. Bacımla qızı da bunun dalınca gəldilər. Bir müddət sonra isə bacımın ölüm xəbərini eşitdik".

Zərərçəkmiş bacısının ölüm xəbərini eşidəndə paytaxta gəlməyə maddi imkan olmadığını vurgulayıb: "Hadisəni eşidəndə 20 manatım var idi, Bakıya gələ bilmirdim. Bunun atasıgilə dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yaxın durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər".

M.Osmanov C.İbrahimovun yalan danışdığını, bacısının təmiz və namuslu qadın olduğunu deyib: "Bacım bizim böyüyümüz idi. 60 yaşlı bacım bizə ana əvəzi idi. Biz ona ana kimi hörmət edirdik. Bunun dedikləri hamısı yalandır".

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivi ərazisində 60 yaşlı Nigar Namazovanın meyiti tapılıb. N.Namazovanın ailə üzvləri onun yıxılaraq başının daşa dəyməsi nəticəsində öldüyünü bildiriblər. Lakin məhkəmə tibbi ekspertizası zamanı N.Namazovanın qətlə yetirilməsi məlum olub. Qətlin mərhumla eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni tərəfindən törədildiyi aşkarlanıb.

C.İbrahimov Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham olunur.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər