2625
Üzbəüz 16 aprel — 19:14

Yerevanda müxalifət polislə toqquşdu: 46 nəfər yaralandı

Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. 

RİA “Novosti” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Nazirliyin məlumatında deyilir.

*   *   *18:01

Yerevanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. TASS xəbər verir ki, yaralananlardan 3-ü polisdir.

“Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N.Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ““Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.

Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib.

Nümayişçilər isə hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

*   *   *12:16

Yerevanda deputat və müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Dövlət Tibb Kollecinin binasına daxil olub. Nümayişçilər şüarlar səsləndirəək kollecin ərazisindən keçiblər, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub.

Bundan əvvəl isə Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılıq İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüz isə nümayişçilər toplaşıb.

Paşinyan və tərəfdarları Baqramyan prosepekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər.

Yerevanda yaranmış vəziyyətlə bağlı olaraq Ermənistan polisi bəyanatla çıxış edərək bildirib ki, vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı yönəlmiş hərəkətlər qeydə alınsa nümayişçilərə müdaxilə ediləcək.

* * *11:45

"Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq".

Ermənistan KİV-ləri xəbər verir ki, bunu jurnalistlərə "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan deyib.

O bildirib ki, bu halda Serj Sarqsyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün Yürüvanın küçələrini bağlayacaqlar.

Onun sözlərinə görə, onların əsas məqsədi parlamentin sabahkı iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir.

Xatırladaq ki, dünən N.Paşinyan bazar ertəsi Yerevandakı körpüləri, küçələri, metroları bağlamağa çağırıb. Bu gün səhər saatlarından etibarən etirazçılar paytaxtın bir sıra vacib küçə və prospektlərini qismən bağlayıblar.

* * *10:00

Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

Ermənistan KİV-ləri xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər. 

Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.  

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək. 

Xəbərlər