3065
Üzbəüz 13 yanvar — 17:31

Göygöl yaxınlığında "yoxa çıxan" Rusiya aliminin yeri bilindi

Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.

*   *   *12:52

Azərbaycanda rusiyalı alim, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb. Virtualaz.org “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun tanışları və institutdakı mənbə bildirib.

Məlumata əsasən, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və özəl mehmanxanada yerləşib. Ev sahibinin sözlərinə görə, yanvarın 5-də qonaq Göygölə tamaşa etməyə yollanıb. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, rusiyalı Göygölə piyada yollanıb. Göl istiqamətində yolda hərbi hissə yerləşir və güman ki, Çulkov bu hərbi hissənin ərazisinə daxil olub. Bir müddət sonra təhlükəsizlik orqanlarının əməkdaşları mehmanxanaya gələrək, Dmitrinin otağına baxış keçiriblər və onun əşyalarını götürüblər.

Yanvarın 9-da hərbçilər ev sahibinə bildiriblər ki, rusiyalını buraxıblar, lakin o, mehmanxanaya qayıtmayıb, internet əlaqəsinə çıxmayıb və zənglərə cavab verməyib.

“Anasına deyib ki, bir həftəlik gedir, lakin iki gündən sonra onunla əlaqə kəsilib”, - institutdakı mənbə deyib. Çulkov yanvarın 10-da Azərbaycanı tərk etməli idi, lakin aviaşirkətdən verilən məlumata əsasən, o, təyyarəyə minməyib. Hazırda doğmaları və həmkarları rusiyalının axtarışlarını davam etdirirlər.

Xəbərlər