3451
Üzbəüz 9 yanvar — 16:11

FHN generalı Tufandağın ətəyində: "Nazir Kəmaləddin Heydərov göstəriş verib ki..."

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.

Virtualaz.org-un müxbiri xəbər verir ki, bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib.

Faiq Tağızadə bildirib ki, bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var. Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək.

Nazir müavini bildirib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: "Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan - B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında bildirib ki, "Gilavar" idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: "Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur".

F. Əliyev qeyd edib ki, son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir.

Axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib ki, Axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən üç alpinistin tapılması üçün əllərindən gələni edirlər. Lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı".

Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

G.Əliyeva

Virtualaz.org

***12:58

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını izləmək üçün bir qrup media nümayəndəsinin Xınalıq qəsəbəsinə səfərini təşkil edib.

Media nümayəndələri əraziyə xüsusi vertolyotla gediblər. Jurnalist qrupunun tərkibində virtualaz.org-un əməkdaşı Gülnar Əliyeva da var.

Jurnalistlər axtarış aparılan ərazilərdə axtarış-xilasetmə əməliyyatını izləyəcəklər.

Xəbərlər