3212
Üzbəüz 5 dekabr — 16:34

Saakaşvili Ali Radaya yürüş edir

Kiyevdə Təhlükəsizlik Xidmətinin avtomobilindən çıxarılan Mixail Saakaşvili tərəfdarlarının "Mişa, Mişa" sədaları altında Ali Radaya tərəf irəliləyir. O, parlamentin qarşısında fasiləsiz aksiyalara başlayıb prezident Poroşenkoya impiçment tələb etməyə hazırlaşır.

***16:14

Avtobusdan çıxandan sonra Mixail Saakaşvili tərəfdarlarının və KİV nümayəndələrinin müşayiəti ilə piyada öz evinə tərəf yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu izləməyib.

Saakaşvili binanın tinində dayanaraq çıxış edib. “Yeni qüvvələr hərəkatı”nın lideri tərəfdarlarını Ali Radanın qarşısına getməyə və prezidentin impiçmenti haqqında qanunun qəbulunu tələb etməyə çağırıb.

Bundan sonra Saakaşvili tərəfdarları ilə Azadlıq Maydanı tərəfə yolanıb.

***15:50

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları onun saxlanıldığı mikroavtobusun qapısını sındıraraq onu azad ediblər.

Ukrayna KİV-ləri xəbər verir ki, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıblar. Hazırda Saakaşvili öz tərəfdarları ilə birlikdə Kiyevin Kostelni küçəsi ilə irəliləyir.

*   *   *13:20

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Kiyevdə yaşadığı binanın damında tutublar və əllərini qandallayaraq aparıblar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvilini tutulana qədər binanın damından tərəfdarlarını küçələrə çıxmağa və onun oğurlanmasına imkan verməməyə çağırıb. O, prezident Pyotr Poroşenkonu “oğru” və “xain” adlandırıb. “Ukraynanlılardan xahiş edirəm mənim oğurlanmağıma imkan verməsinlər. Poroşenko və bandasının qanunsuzluğuna, oğurluğuna imkan verməyin”-Saakaşvili bildirib.

Lakin xüsusi təyinatlılar dama qalxaraq onu tutublar. Saakaşvilinin tərəfdarları onun həbsinə mane olmaq üçün xüsusi təyinatlılarla qarşıdurmaya giriblər. Amma müvəffəq olmayıblar. Təhlükəsizlik Xidmətinin saytında göstərilir ki, Saakaşvili cinayətkar qruplaşmanın fəaliyyətində iştirak etməkdə və həmin qruplaşmanın cinayət əməllərini gizlətməkdə ittiham olunur. Bu ittiham üzrə onu 5 ilə qədər həbs gözləyir. Siyasətçinin vəkili Pavel Boqomazov isə deyib ki, Saakaşvilini dövlət çevrilişi cəhdində ittiham edirlər.

***

Saakaşvilinin tərəfdarları etiraz aksiyası keçirir.

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin bu gün həbs edilməsindən sonra onun tərəfdarlarının Kiyevdə etiraz aksiyası başlayıb. Həmin aksiyanın canlı yayımını təqdim edirik.

*   *   *13:00

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti Mixail Saakaşvilinin həbsi ilə bağlı qısa məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumatda bildirildiyinə görə, Odessa vilayətinin keçmiş qubernatoru cinayətkar təşkilatların üzvlərinin dəstəklənməsi və onların cinayətkar əməllərinin gizlədilməsində ittiham edilir.

*   *   *12:55

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dövlət çevrilişinə cəhddə ittiham olunur.

TASS xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib.

Xatırladaq ki, Mixail Saakaşvili bu gün Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaşadığı binanın damında saxlanılıb.

*   *   *12:06

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdə saxlanılıb.

Bu barədə Ukrayna KİV-ləri xəbər verir. Siyasətçinin saxlanıldığı barədə Ali Radanın deputatı Viktor Çumak bildirib. Saakaşvili saxlanılandan sonra onun evinin qarşısında qarşıdurma yaranıb, partlayış səsləri eşidilib. Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi Yelena Gitlyanskaya Saakaşvilinin evində axtarışın hansı cinayət işi çərçivəsində aparıldığını açıqlamayıb, bildirib ki, bu cinayət işinin istintaqını Baş prokurorluq aparır. Bəzi məlumatlara görə Saakaşvili keçmiş prezident Viktor Yanukoviçin göndərdiyi pullarla etiraz aksiyaları təşkil etməkdə ittiham edilir.

*   *   *11:45

Ukraynada Odessanın keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşları basqın edib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun keçmiş birinci müavini David Sakvarelidze özünün Facebook səhifəsində məlumat yayıb. “Mixail Saakaşvilinin evində qapını sındırırlar? Kostelnaya keçəsi, 7, mənzil 32. Ora yığışırıq”-Sakvarelidze yazıb.

Baş prokurorun keçmiş birinci müavini daha sonra bildirib ki, Saakaşvili mənzilinə basqın edən hüquq-mühafizə orqanları əməkdaşlarından xilas olmaq üçün binanın damına çıxıb. Mənzilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları basqın edib, onlar qapını sındıraraq içəri daxil olublar və axtarış aparırlar.

TSN telekanalı xəbər verir ki, Saakaşvili binanın damından özünü aşağı atmaqla hədələyir. Siyasətçi bildirir ki, əgər ona toxunsalar özünü aşağı atacaq. Bu səbəbdən onun evinə xilasedicilər və tibb işçiləri cəlb olunub.

Virtualaz.org

Xəbərlər