1318
Rəylər 12 iyul — 15:29

İranı böhran bürüyür

İranda dövlət strukturlarının və iri şirkətlərin də iştirak etdiyi irimiqyaslı qızıl və valyuta spekulyasiyaları ilə bağlı qalmaqal böyüməkdədir. Payvand.com nəşri yazır ki, İranın ali rəhbəri Ayətullah Xameneyi prezident Ruhanidən son aylar ərzində hökumət tərəfindən şirkətlərə və ayrı-ayrı şəxslərə satılmış xarici valyutanın və qızıl sikkələrin “dəqiq hesabat”ını tələb edir.

“Mehr” informasiya agentliyi qeyd edir ki, Xameneyi dövlət ehtiyatlarının bölüşdürülməsində şəffaflığın yoxluğundan narahatlığını bildirir.

İranda bu yaxınlarda valyuta bazarında baş vermiş devalvasiyadan sonra Ruhani administrasiyası bir sıra şirkətlərə ABŞ dollarını subsidiyalaşdırılan qiymətə - 42 min riala satıb. Halbuki, dolların bazar məzənnəsi 90 min rialdır. KİV və bəzi hökumət məmurları xarici valyutanın bölüşdürülməsində pozuntular barədə danışıblar. Misal üçün, prezidentin müşaviri Əkbər Torkan bəyan edib ki, bəzi işbaz şirkətlər idxal etdikləri malları bazar qiymətindən baha sataraq yüksək gəlir əldə ediblər.

Öz növbəsində, İranın Rabitə Nazirliyi xarici valyutanın bölüşdürülməsində şəffaflığın yoxluğundan qazanmış şirkətlərin siyahısını dərc edib. Belə ki, bəzi firmalar hökumətdən 220 milyon dollara qədər vəsait alıblar, əvəzində isə ölkəyə 75 milyon dollarlıq mobil telefon idxal ediblər. Qeyd olunduğuna görə, bu özəl şirkətlərin əksəriyyəti hökumət strukturları və hətta ordu ilə sıx bağlıdırlar.

Fevral ayında İran Mərkəzi Bankı valyuta və qızıl çatışmazlığı ilə mübarizə çərçivəsində əhaliyə qızıl sikkələr satmağa başlayıb. Artıq iyun ayında, İranın dövlət auditor təşkilatının başçısının sözlərinə görə, cəmi 50 alıcı 380 min qızıl sikkə əldə edib. Başqa sözlə, bankın dövriyyəyə buraxdığı sikkələrin cəmi 5%-i satılıb. İddia olunur ki, məmurlarla əlaqələri olan xüsusilə nüfuzlu alıcılar hər belə sikkədən 10 milyon rial qazanc götürüblər.

Tehran polisinin rəisi Hüseyn Rəhimi deyir ki, polis “Qızıl padşahı” ləqəbli şəxsi həbs edib. O, 10 ay ərzində ölkə rəhbərliyindəki əlaqələrindən istifadə etməklə iki ton qızıl sikkə alıb.

İrandakı valyuta böhranını şərh edərkən məşhur rusiyalı iranşünas Yelena Dunayeva virtualaz.org-a bildirib ki, ölkədə vəziyyət sosial-iqtisadi böhranın daha dərin ümumi və sistemli böhrana keçid etdiyini göstərir.

Eyni zamanda, o hesab edir ki, Xameneyinin Ruhaninin istefasını arzulamasını güman etmək üçün heç bir əsas yoxdur, lakin aydındır ki, vəziyyət ciddi tədbirlərin görülməsi labüddür.

“İş burasındadır ki, İranda özəlləşdirmə zamanı müəssisələrin, demək olar ki, yarısı dövlət məmurları və hərbi şirkətlərlə əlaqəli olan iri sahibkarların əlinə keçdi. Buna müvafiq olaraq, Mərkəzi Bankın ucuz qiymətə satdığı dollarları da onlar alıb. Özü də İranda, bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdən fərqli olaraq, gəlirlər və vergi ödəmələri haqqında hesabatlılıq yoxdur. İran Mərkəzi Bankı dollarları üç kateqoriya üzrə satıb. Ən ucuz qiymətə dollar dərmanların və ilkin tələbat mallarının idxalı üçün satılıb. Sonra gündəlik tələbat malları, daha sonra isə məişət texnikası və digər mallar gəlir. Lakin korrupsiya sxemləri və şəxsi əlaqələr ona gətirib çıxarıb ki, birinci kateqoriya üzrə alınmış dollarlara ölkəyə üçüncü kateqoriyaya aid mallar idxal edilib. Məhz bu, Tehranın məşhur qapalı bazarında tətillərin ilk dalğasına səbəb olmuşdu. Misal üçün, mobil telefonlar İrana dollarla olan qiymətlərindən 2,5 dəfə baha qiymətə gətirilmşdi”, - Dunayeva bildirir.

İranşünas onu da deyir ki, SEPAH və hərbçilər getdikcə daha çox Ruhaninin islahatçı hökumətini dəstəkləyirlər. Ekspertin fikrincə, İranda narazılıq, tətillər və nümayişlərin sayı artacaq. Hakimiyyət isə ya şəriət qanunlarını daha da sərtləşdirərək nümayişləri yatıracaq, ya da liberal dəyişikliklərə gedəcək. İran üçün bu seçim çox mürəkkəbdir, belə ki, ortada ölkənin dövlət quruluşu məsələsi var.

Lakin hökumət böhranı olmayacaq. Ali rəhbər Xameneyi hələ Mahmud Əhmədinejadın vaxtında bildirmişdi ki, hökumət Konstitusiya ilə nəzərdə tutulmuş müddət ərzində öz işini görməlidir. Buna görə də, Ruhani hökumətini çox çətin dövrlər gözləyir”, - Y.Dunayeva deyib.

Virtualaz.org

Xəbərlər