1291
Rəylər 14 mart — 16:46

Azərbaycanda Kenquru olimpiadası: İlk dəfə, özü də 5 manata...

Martın 18-də Bakı məktəbliləri üçün ilk dəfə Kenquru beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək. Müsabiqəyə qeydiyyat onlayn aparılır və ödənişlidir.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, məqsəd istedadlı şagirdlərin aşkar edilməsi və onların elmi potensiallarının inkişafdır. Müsabiqədə 2-10-cu sinif şagirdləri qatıla bilər, ödəniş 5 manatdır.

İnstitutun rəsmi internet səhifəsində bəzi siniflər üzrə nümunəvi suallar da təqdim edilib. İnstitutdan əlavə ediblər ki, müsabiqəyə maraq böyükdür, hətta rayonlardan müraciətlər daxil olur.

“Bu müsabiqənin yerli sınaq imtahanlarından bir sıra fərqli cəhətləri var. Müsabiqə dünyada 80-dən çox ölkədə keçirilir. İldə bir dəfə toplantı keçirilir, müxtəlif ölkələrdən olan mütəxəssislər sualları hazırlayır və yekun nəticədə hansı sualların olacağına qərar verirlər. Məsələn, ABŞ, Braziliya və ya Azərbaycanda şagirdlər eyni sualı cavablandırırlar. Müsabiqədə verilən suallar məntiq əsaslıdır. Kenquru beynəlxalq riyaziyyat müsabiqəsinin də məqsədi dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanmasını qarşıya məqsəd qoyub. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın”, -institutdan deyiblər.

Virtualaz.org saytı xatırladır ki, mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının təşəbbüsü ilə 1994-cü ildən keçirilən müsabiqəyə əksər ölkələr qatılır. Ötən il 80-dən çox ölkədən 6 milyondan çox şagird iştirak edib. Qaydalara əsasən tapşırıqlar 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir. İnstitutdan onu da deyiblər ki, hələlik pilot layihə kimi keçirilən müsabiqə valideynə övladının biliyini dünya səviyyəli suallarla və imtahan şəraitində yoxlaya bilmək imkanı verəcək. Nəticələr yoxlandıqda digər həmyaşıdlarından fərqlənən uşaqlar məlum olacaq.

Təhsil üzrə ekspert Etibar Əliyev isə deyib ki, bu cür müsabiqələrin keçirilməsi vacibdir. Çünki ən azından beynəlxalq olimpiyadalara qatılan uşaqlar üçün təcrübə rolunu oynayır. Uşaqlar beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanırlar. Bu müsabiqədə müxtəlif ölkələr iştirak edir, açıq mənzərə yaranır, ölkənin təhsilinin səviyyəsi aydın görnür. Ekspertin sözlərinə görə, son günlər beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlərin sayı artıb. olimpiadalardan bürünc, gümüş medulla geri dönən uşaqlar var. “Daxili olimpiadalar bir qədər yumşaqdır. Buna görə də beynəlxalq müsabiqələrə qatılması vacibdir. Son vaxtlar olimpiada mərkəzlərinin yaradılması da müsbət təsir edib, informatika, riyaziyyat, kimya üzrə olimpiadalarda uğurlar qazanılırdı”,-Əliyev əlavə edib.

Ekspertin sözlərinə görə, peşəkar müəllimlər hazırlanmalıdır. Olimpiadaların bir üstünlüyü də uşağın təhsilin növbəti pilləsində uğur qazanmasına yardımçı olmasıdır. Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olurlar.

Lakin Bakı məktəblərindən birinin adının çəkilməsini istəməyən riyaziyyat müəllimi deyir ki, Kenquru olimpiadasında əsasən məntiq məsələləri təqdim edilir və bu, riyaziyyat üzrə sanballı beynəlxalq yarış deyil. Sadəcə olaraq kimlərsə bu olimpiadanı biznesə çeviriblər. Müəllim deyir ki, o şagirdlərinə həmin olimpiadaya qatılmağı tövsiyə etməyib.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər