3635
Rəylər 12 fevral — 20:25

“Quduz köpək” ləqəbli general Mettis Suriyada ruslara zərbə haqda: “Rusiya bizə deyib ki...”

ABŞ müdafiə naziri, “quduz köpək” ləqəbli general Ceyms Mettis Suriyanın Deyr əz-Zor əyalətində ötən həftə fevralın 7-də “əsədyönümlü qüvvələrə” endirilmiş sarsıdıcı zərbə barədə ilk dəfə açıqlama verib. Virtualaz.org xəbər verir ki, general Mettis Pentaqonda keçirilən brifinq zamanı həmin döyüşdə Rusiya hərbçilərinin zərər çəkə biləcəyi onlara məlum deyil. Çünki Rusiya tərəfi hərbçilərinin orada olmadığını bildirmişdi.

Xəbər verildiyi kimi fevralın 7-də yüzlərlə “əsədyönümlü döyüşçü” Deyr əz-Zor əyalətində kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan və neftlə zəngin bölgəni ələ keçirmək üçün tankların, artilleriyanın və zirehli texnikanın iştirakı ilə hücuma keçib. Amerika ordusu bu hücumun qarşısını alaraq “əsədyönümlü qüvvələrə” sarsıdıcı zərbə endirib. Hücuma keçənlərin Rusiyanın özəl hərbi şirkəti olan “Vaqnerin ordusu”nun döyüşçüləri olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə “vaqnerçilər” yüzlərlə döyüşçü itirib, habelə onları dəstəkləyən hərbi texnika tamamil darmadağın edilib.

General Mettis bildirib ki, onlara verilən məlumata görə Deyr əz-Zor bölgəsində Rusiya hərbçiləri yoxdur. Pentaqon rəhbəri bu zərbənin “özünümüdafiə xarakterli olduğunu” deyib. Bildirib ki, Bəşər Əsədi dəstəkləyən 300-dən çox hərbçi T-72, T-55 tanklarının və artilleriyanın dəstəyi ilə kürdlərin qərargahına hücum edib. Lakin ABŞ-ın başçılığı ilə koalisiyanın endirdiyi zərbələrdən sonra hücum edənlər geri çəkilməli olublar.

Ceyms Mettis qeyd edib ki, ABŞ koalisiyası həmin hücumdan əvvəl və sonra Rusiya qərargahı ilə əlaqə saxlayıb, baş verənlər haqda məlumat verib. “Rusiya tərəfi bizi məlumatlandırdı ki, onların həmin rayonda hərbçiləri yoxdur”-Mettis bildirib.

Lakin sosial şəbəkələrdə yayılan və həmin döyüşlərin iştirakçılarının özlərinin yaydıqları məlumatlara görə nəinki “vaqnerçilər”, eləcə də Rusiyanın xüsusi təyinatlı qüvvələri hücumda iştirak edirdi. Və onlar çoxsaylı itkilər veriblər. İtkilər barədə rəqəmlər 215-dən 600-ə qədər dəyişir. Belə ki, əvvəlcə ABŞ ordusu HİMARS reaktiv yaylım atəşi sistemləri ilə hücuma keçənərə və onları dəstəkləyən artilleriya bölmələrinə zərbə endirib. Ardınca AC-130 təyyarəsi və iki vertolyot hücuma keçən bölmələri amansız atəşə tutub. 6 saata yaxın davam edən gülləbaranda hücuma keçənlərdən çox azı sağ qalıb.

“The Washington Post” qəzetinin əməkdaşı bir qrup xarici jurnalistlə birlikdə “Suriya Demokratik Qüvvələri”nin qərargahında olub və həmin hadisələrə dair bəzi təfərrüatları əldə edib. “Suriya Demokratik Qüvvələri”nin komandanı general Həsən bildirib ki, o kəşfiyyatçılardan planlaşdırılan hücum barədə axşam saat 21.30-da məlumat alıb. Generalın sözlərinə görə, o dərhal Deyr əz-Zordakı Rusiya qərargahında təmas saxladığı zabitə zəng vurub, döyüşün baş verməməsi üçün çalışıb.

“Biz onlara dedik ki, hansısa hərəkətlilik baş verir, istəməzdik ki həmin adamlara hücum edək. Ruslar isə bizim təklifimizi qəbul etməyib hər şeyi inkar etdilər”-general Həsən deyib.

Hücum isə 22.00-da başlayıb. Həsənin sözlərinə görə hücumda Rusiya muzdluları iştirak edirdi. Amerika aviasiyası onlara AC-130 təyyarəsindən və silahlı dronlardan cavab verdi. Qırğının lap qızğın çağında Rusiya zabiti onlarla əlaqə saxlayıb, ölənləri və yaralalanları döyüş meydanından çıxarmaq üçün pauza verməyi xahiş edib. Hansı ki, bir neçə saat əvvəl həmin zabit rusların orada olduğunu inkar edirdi.

Bu arada Rusiya mətbuatı da bir neçə günlük sükutdan sonra Deyr əz-Zorda baş verənlər haqda yazmağa başlayıb. “Kommersant”ın yazdığına görə müstəqil araşdırmaçılardan ibarət “Conflict İntelligence Team” həmin döyüşdə həlak olan “vaqnerçilərdən” bir neçəsinin adlarını yayıb. Bunlar Ryzandan Aleksey Ladıqin, Sverdlovskdan Stanislav Matveyev və İqor Kosoturov, habelə Vladimir Loqinovdur. Ladıqin və Kosoturovun əvvəllər Donbassda döyüşdükləri də bildirilir. Loqinov isə kazak hərəkatının fəalı olub.

Qrup ölən “vaqnerçilərin” dəqiq sayını açıqlamır. Rusiya Müdafiə Nazirliyi isə Deyr əz-Zorda “rusların zərər çəkmədiyini” bildirir.

Virtualaz.org

Xəbərlər