1146
Rəylər 13 yanvar — 16:14

Sosial şəbəkələr və Otello sindromu

Sosial şəbəkələrin tüğyan etdiyi bu dövrdə bir çox ailələrdə ən çox işlədilən “niyə onu dostluğuna salmısan?”, “niyə onun şəklini bəyənmisən?” və s. cümlələrdir. Kiçik görünən bu cür mübahisələr dava-dalaşlara, ayrılıqlara, bəzən də daha böyük faciələrə səbəb olur. Çoxları bunu “sevginin gücü” adlandırırlar. Yəni, qısqanclıq sevginin əlamətidir. Lakin gəlin sevgi ilə eqoizmi qarışdırmayaq. Bu anlayışları ayırd edə bilmək üçün bəzi nüanslara toxunaq.

Hər bir insanda qısqanclıq hissi mövcuddur. Sevdiyimiz insanlardan tutmuş, sevdiyimiz əşyalara kimi bizə aid olan hər şeyi qısqanırıq. Bəzən isə qısqanclıq qeyri-normal hal almağa başlayır və qarşı tərəfin həyatına mənfi şəkildə təsir edir. Bu kimi hallarda insan səbəbsiz yerə kimə və niyə qısqandığını da anlamır. O, öz davranışlarına nəzarət edə bilmir və bütün günahları qarşı tərəfdə görür. Bu, qısqanclığın ən qorxunc növü - patoloji qısqanclıqdır. Buna həm də “Otello sindromu” deyilir. Çünki bu şəxslər Şekspirin qəhrəmanı Otello kimi heç nəyi araşdırmadan, dinləmədən, səbəb-nəticəyə ehtiyac duymadan artıq sevdiyi insanın hökmünü verir.

Psixoloq Asəf Kərimovun sözlərinə görə, patoloji qısqanclıq zamanı insanın fərdi psixoloji xüsusiyyətlərinə diqqət yetirilməlidir. Bu hal özünü iki xarakterik formada göstərir: avtoritar xarakterdən yaranan qısqanclıq və şəxsiyyətin natamamlığından irəli gələn qısqanclıq.

“Birincilər əsasən avtoritar, pedantik xüsusiyyətlərə malik, hər şeyi öz nəzarətində saxlamağa çalışan, öz eqosunu ön plana çəkən, hakimiyyətini daim təmin etməkdə israrlı insanlara aid olan qısqanclıqdır. Hər cür qadağalara əl atır, partnyorunun ünsiyyət və davranışını ciddi cəhdlə nəzarət altında saxlamağa çalışırlar.

İkinci tip isə özünüqiymətləndirmənin aşağı səviyyəsinə malik olan insanlarda rast gəlinir. Onlar daim elə fikirləşirlər ki, partnyoru ondan daha güclüsünü, cəzbedicisini tapacaq və buna görə də, qısqanclığın səviyyəsi hər zaman yüksəkdə olur.

Digər iki tip şəxs vardır ki, bunlardan birincisi özü daim xəyanət edir və özünə qarşı eyni hərəkətin edilə biləcəyindən şübhələnir. İkinci tip isə uzun illərin həyat təcrübəsindən onda “heç kimə etibar yoxdur” stereotipi, daha dəqiq desək, dəyəri formalaşır, buna görə də, heç bir əsas olmadığı halda daim partnyorunu qısqanır”, - ekspert bildirir.

Psixoloq həm də patoloji qısqanclığın əsas göstəricilərinin bunlar olduğunu deyir: “səbəbsiz qısqanma, problemlərin səbəbkarı olaraq özünün xüsusiyyətlərini deyil, partnyorunda axtaranlar, aqressiv davranış, münasibətlərdən imtina, yerli-yersiz sancmalar, dava-dalaş üçün kiçik bəhanənin axtarılması, həddən artıq inamsızlıq və qadağalar artıq patologiyadan xəbər verir. Bu isə sonralar heç bir səbəb olmadan qisas almaq üçün variantlar axtarışına gətirib çıxarır. Qeyd edilən hallar psixi problemləri olan şəxslərdə daha qabarıq şəkildə özünü göstərə, xəstəliyin ümumi simptomlarında eşitmə, görmə hallüsinasiyalarında, zəhlətökən fikirlərdə kəskin büruzə verə bilər. Psixi xəstəliklər zamanı insanda bəzi fərdi xüsusiyyətlər xəstəlik nəticəsində güclənə, daha intensiv xarakter alaraq kəskinləşə bilər”.

Qısqanclığı sevginin sübutu kimi görənlərdən soruşmaq istərdik: “Bütün bunlar sevginin göstəricisidir, yoxsa eqoizmin?”

Daha dərin düşünsək, 5 dəqiqə əvvəl sizi dəli kimi sevən, qısqanan şəxs artıq sizi dinləmədən ittiham edir və tərk edir. Yəni, 5 dəqiqə ərzində bütün sevgisi bitdi, daha qısqanmır, nə istəsəniz edə bilərsiniz.

Özünüzü aldatmayın və bu kimi eqoizm göstəricilərinə “sevgi” adı verməyin. Sevgidən doğan qısqanclıqda insan daha çox sahiblənər, amma eqoizmdən doğan qısqanclıqda tərk edər. Sevgi varsa, var. O, nə şəklini, nə də rəngini dəyişir.

Patoloji qısqanclıq kimi narahatlıqları olan şəxslərə psixoloq Asəf Kərimovun məsləhəti budur ki, ilk növbədə mütəxəssislərə müraciət etsinlər. Qısqanclıq edən şəxs problemin hardan qaynaqlandığını bilməlidir. Buna görə psixoloq və ya psixiatrla mütləq problemin həllinə çalışmalıdır. Hər kəsin qısqanclığında müəyyən fərdi xüsusiyyətlər özünü göstərir, ona görə də, ümumi bir resept söyləmək çətindir. Lakin həddən artıq qısqanclıq nümayiş etdirən şəxs özünün indiki vəziyyətinə, ailəsində və ya partnyoru ilə yaranan problemlərin niyə yarandığını özü üçün təhlil etməyə başlasa, daha yaxşı olar. Münasibətlərdə yaranmış diskomfortun onun həyatına nə dərəcədə təsir etdiyi ilə bağlı düşünməlidir.

Həyat – vaxtınızı bu kimi kiçik problemlərə sərf etmək üçün çox qısadır.

Sevgi İsmayılbəyli

Virtualaz.org

Xəbərlər