467
Rəylər 13 noyabr — 17:16

İran XİN: Ermənistan sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir

“Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib”.

Bunu APA-ya İran XİN-in sözçüsü Bəhram Qasımi deyib. O bildirib ki, İranla Azərbaycan arasında əlaqələr dostluq və yaxşı qonşuluq üzərində qurulub və davam etdirilir.

B. Qasımi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri ilə bağlı suala cavabında qeyd edib ki, hər gediş-gəliş əlaqələrin yaxınlaşması mənasına gəlmir: “İran və Ermənistan arasında əlaqələr yaxşı səviyyədədir və bu ölkə bizim ən az problem yaşadığımız qonşu ölkələrdəndir. Biz ölkələrin daxili işinə müdaxilə etmirik, lakin sionist rejimini tanıdığımız üçün bilirik ki, bu rejim regionda sabitliyin pozulmasına çalışır. Ermənilərə məsləhətimiz budur ki, bu rejimin Qafqaz regionundakı hərəkətlərinə diqqətlə yanaşsınlar. Ümumiyyətlə, region ölkələri bu məsələyə diqqət etməlidir”.

B. Qasımi Səudiyyə Ərəbistanının Ərəb Liqasını İranla bağlı fövqəladə iclasa çağırmasına toxunaraq xatırladıb ki, Ər-Riyadın bu tip addımları yeni bir şey deyil: “Bu ölkə regionda və ölkə daxilində bir sıra problemlərlə üz-üzədir. Davamlı uğursuzluqlara məruz qaldığı üçün çalışır ki, günahı başqalarına atsın və İran əleyhinə koalisiya yaratsın. Lakin regionda ötən bir ildə baş verən proseslər göstərir ki, Səudiyyə Ərəbistanı bu sahədə uğur qazana və gözlədiyi nəticəni əldə edə bilməyib. Düşünürəm ki, keçiriləcək iclas da Səudiyyə Ərəbistanı üçün əlverişli nəticə verməyəcək. Çünki ölkələr hər biri öz mənafeləri və baxışları çərçivəsində qərar qəbul edir və siyasətlərini müəyyənləşdirirlər”.

B. Qasımi Livanın baş naziri Saad Həririnin istefasına da toxunub: “Livan baş nazirinin istefası ani və şübhəli qərardır. Ümid edirik ki, Həririnin ötən gecə verdiyi açıqlamalara əsasən o, tezliklə Livana qayıdacaq və ölkəsində istefasını rəsmiləşdirəcək. Biz Livanın sabitliyi üçün hər bir addımı dəstəkləyirik”.

Xəbərlər