311
Rəylər 6 oktyabr — 13:41

Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarındakı dəyişikliyə münasibət bildirdi

“Buraxılış və qəbul imtahanlarının keçirilməsi qaydalarında edilən dəyişiklik yalnız format olaraq sadələşdirilməyə yönəlib. Bu imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir”.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov bildirib. Buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirən nazir qeyd edib ki, ilk dəfə olaraq bu sahə ilə məşğul olan hər iki qurumun birgə təşəbbüsü ilə dəyişikliklər barədə iki il öncə xəbər verilib. Onun sözlərinə görə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə imkan və vaxt verir.

M.Cabbarov həmçinin qeyd edib ki, bu imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir: “İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. Həyat hər gün inkişaf edir, yerində dayanmır. 25 il öncə tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də bu sistem xidmət edəcək. Lakin eyni vaxtda mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. 9 il bundan əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. Bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, aşkarlanar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil. İki qonşu dövlətə - Rusiya və Türkiyəyə nəzər salsaq görərik ki, onların da hər birində oxşar proseslər gedib. Yəni, imtahan formatının təkmilləşdirilməsi, bugünkü günün tələblərinə uyğunlaşdırılması, əmək bazarının ehtiyaclarına uyğun olaraq biliklərin qiymətləndirilməsi prosesi aparılır”.

Ü.Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər