1942
Rəylər 6 oktyabr — 13:27

Putinin müşaviri gözlənilmədən Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışdı

Azərbaycanın Avrasiya İttifaqına qəbul edilməsinə dair yekun qərarın qəbul edilməsi Ermənistandan asılıdır. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev bildirib.

Qlazev Rusiya-Ermənistan regionlararası forumunun və İkinci Avrasiya forumunun açılışında bildirib ki, Avrasiya İttifaqı bütün iştirakçılar üçün açıqdır. Lakin Azərbaycanın üzvlüyünə gəldikdə bu məsələ Ermənistandan asılıdır. “Çünki qərar konsensus əsasında qəbul edilir. Ermənistan isə Avrasiya İqtisadi İttifaqına üzv ölkə kimi özünün veto hüququndan istifadə edə bilər”- bildirib.

Sergey Qlazevin sözlərinə görə Avrasiya İttifaqının SSRİ-ni yenidən bərpa etmək cəhdi olduğu haqda deyilənlər axmaqlıqdır. Və bu haqda ilk dəfə ABŞ dövlət katibi Hillari Klinton danışmışdı. “Avrasiya İttifaqı Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında qurulur və bundan artıq heç bir məqsəd yoxdur. Bu, sırf iqtisadi birlikdir”-o deyib.

Qlazev əlavə edib ki, İttifaqın ümumi parlamenti və vahid valyutası yoxdur. Vahid hökumətin formalaşdırılması da nəzərdə tutulmur. Üstəlik Avrasiya İttifaqı parlament Assambleyası da buraxılıb ki, opponentlərin ittiham üçün əsasları olmasın.

Qeyd edək ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzvlük üçün heç vaxt müraciət etməyib. Ümumiyyətlə, Bakı bu inteqrasiya modelinə soyuq yanaşır, hərçənd rəsmilər əvvəllər Azərbaycanın ittifaqa üzvlüyü məsələsinin nə zamansa gündəmə gələcəyini istisna etməyiblər.

Xəbərlər