3268
Rəylər 6 avqust — 17:17

KQB zabiti Türkiyənin işğalı və “erməni torpaqlarının qaytarılması” planı haqda

Sovet lideri İosif Stalin 1945-ci ildə, Böyük Vətən müharibəsinin başa çatmasından sonra Türkiyəni SSRİ-yə birləşdirmək və “ermən torpaqlarını” alıb Ermənistana vermək planı üzərində işləyib.

Virtualaz.org xəbər verir ki, indiyədək heç vaxt məlum olmayan bu plan haqda KQB podpolkovniki İqor Atamanenko “Komsomolskaya pravda”ya danışıb.

“1945-ci ilin mayında aydın oldu ki, Qırmızı Ordu tərəfindən azad edilmiş Şərqi Avropa ölkələi sosialist inkişaf yolunu seçəcəklər. Həmin vaxt Kommunist Partiyasının Rəyasət Heyətinin üzləri arasında belə ideya yarandı ki, Türkiyə tərəfindən 1918-ci ildə alınmış “tarixi erməni torpaqlarını” SSRİ-nin tərkibinə qaytarmaq  və bu ölkədə sovet hakimiyyəti qurmaq lazımdır”-Atamanenko danışır.

KQB podpolkovnikinin iddiasına görə 1945-ci il Yalta konfransından sonra Stalin partiyanın plenumunda nitqi zamanı indiki Türkiyə ərazisinin üçdə ikisinin-“tarixi erməni torpaqlarının” alınıb Ermənistan SSR-ə verilməsi barədə danışıb.

Atamanenkonun dediyinə əsasən Stalin bildirib ki, Qarsdan Ərzuruma və oradan qərbə doğru Türkiyə əraziləri geri alınmalıdır. “Stalin deyib ki, bu torpaqlar Türkiyənin ən münbit əraziləridir və onun hesabına türklər bütün qonşu ölkələri taxılla təmin edir. Ona görə də bizim qardaş xalqın torpaqlarının talan edilməsinə son qoymalıyıq”-KQB zabiti iddia edir.

Atamanenkonun bildirdiyinə görə, Stalin deyib ki, İranda yerləşdirilmiş 3 sovet diviziyasının köməy ilə cəmi bir neçə günə İstanbula çatmaq olar. Hətta Stalin Rəyasət Heyətinin üzvləri Mikoyana və Malenkova Türkiyənin işğaldan sonra yenidən qurulması planını işləyib hazırlamağı tapşırıb. Habelə İstanbula “Çarqrad” adı verilməsini istədiyini deyib.

Bəs Stalinin Türkiyəni işğal etmək planı haqda hansı mənbədə yazılıb, axı indiyədək “millətlər atası”nın bu cür nitqi haqda eşidən olmamışdı. Atamanenko mənbəni açıqlayır, deyir ki, Stalinin bu göstərişi haqda ona İranda işləyən qeyri-leqal sovet kəşfiyyatçısı Andranik Vartanyan danışmışdı.

Bəs bu necə ola bilər? Hansısa kəşfiyyatçını Rəyasət Heyətinin iclasına kim buraxıb ki, o, Stalinin həmin nitqinə şahidlik edib?

Atamanenko iddia edir ki, Andranik Vartanyanı həmin iclasa “narkom”  Anastas Mikoyan özü buraxmışdı.

KQB podpolkovnikinin iddiasına görə Təbriz ətrafında yerləşdirilmiş sovet ordu diviziyaları Stalinin həmin göstərişindən sonra Türkiə ilə sərhədlərə doğru yeridilib. Bu vaxt ABŞ hərbi kəşfiyyatının rəhbəri sovet qoşunlarının Türkiyə sərhədlərinə doğru hərəkəti haqda prezident Harri Trumanı məlumatlandırıb. Və Birləşmiş Ştatlar Sovet İttifaqını qorxutmaq üçün məğlub olmaq ərəfəsində olan Yaponiyaya iki nüvə zərbəsi endirmək əmri verib. Stalinə Naqasaki və Xirosimaya atılan atom bombalarının nəticələri barədə məruzə ediblər və o, Türkiyənin işğalı planını təxirə salıb.

Atamanenko (solda) kəşfiyyatçı Vartanyanın oğlu ilə

Keçmiş kəşfiyyatçı, müharibə veteranı Viktor Vlasov isə qəzetə danışıb ki, sovet rəhbərliyinin Böyük Vətən müharibəsində qələbədən sonra strateji əhəmiyyəti olan Bosfor boğazını tutmaq planı haqda ona məlumdur. “Mən 1945-ci ildə bizim qoşunların Bosfor boğazını tutması əməliyyatı üzərində şəxsən işləmişəm. Məxfi əmrlə diviziyanın tərkibində Azərbaycana , Lənkəran şəhərinə göndərildik. Oradan İraan,Təbrizə keçdik. Təbrizdəki quru qoşunları aviasiyanın və Qara dəniz donanmasının dəstəyi ilə Bosfor boğazına çıxmalıydı. Vəzifə qoyulmuşdu ki, körfəzi tutaq. Təzəcə hazırlaşmışdıq ki, əməliyyat ləğv olundu. ABŞ hərbi kəşfiyyatı duyuq düşdü və bütün planlar pozuldu. Lakin bu əməliyyatın təfərrüatları məxfidir, mən bu haqda ətraflı danışa bilmərəm”-keçmiş sovet kəşfiyyatçısı bildirib.

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, tarix elmləri doktoru Vadim Lukov isə deyir ki, Sovet İttifaqının Türkiyəni tutmaq planı haqda rəsmi mənbələrdə heç bir məlumat yoxdur. “Bu, ancaq versiyadır, sənədlərlə sübut olunmur. ABŞ-ın Yaponiyaya nüvə zərbəsi endirməsi SSRİ-nin başqa ölkəyə müdaxilə planı ilə bağlı ola bilməzdi, burada məqsəd sovet xalqını qorxutmaq idi”-o bildirir.

Hazırladı: F.Məmmədov

Virtualaz.org

Xəbərlər