5577
Pul-para 25 iyul — 13:46

Bankların “yalnız şəxsiyyət vəsiqəsi ilə kredit” yalanı

“Rahat kredit” elanlarının arxasında soyğunçuluq məqsədi gizlənir 

“Express kredit” və “Maqnit” mağazalar şəbəkəsinin çağırışlarına şəhərdəki reklam lövhələrində və ya televiziyada hər gün rast gəlmək mümkündür. Bu reklam və elanları az qala hər addımbaşı gözə soxurlar.

Əhaliyə sərfəli şərtlərlə kredit təklif etdiklərini iddia edən bu şirkətlər sən demə, yalan danışırmış. Əslində “Maqnit” və “Express kredit” qiymətləri bazardakından daha yüksəkdir, şərtləri isə qətiyyən sərfəli deyil.

Bu şirkətlər vasitəsilə kredit əldə etmək istəyən hər kəs xırda bir araşdırma aparsa, banklar və mağazalar tərəfindən aldadıldığını görəcək. Reklamlarda ilkin ödənişsiz, hətta rayon qeydiyyatında olanlara belə kreditlə kompüter, soyuducu, qaz plitəsi, paltaryuyan maşın və başqa texniki avadanlıqlar vəd olunur. İlk baxışdan olduqca cəlbedici görünür və qulağa da xoş gəlir. Amma təəssüf ki, bu, sadəcə aldadıcı reklamdan başqa bir şey deyil.

Adıçəkilən kredit şirkətlərinin şəhərin müxtəlif yerlərində filialları fəaliyyət göstərir. Biz də yolumuzu “Neftçilər” metrosu yaxınlığındakı “Maqnit” və  “Express kredit” mağazalarından saldıq. Satış meneceri ilə söhbətdən aydın oldu ki,  şəxsiyyət vəsiqəsini təqdim etməklə buradan istənilən növ məişət əşyasını kreditlə əldə edə bilərik. Amma iş yerinin olması şərt imiş... İş yerindən arayış tələb edilməsə də çalışdığınız müəssisənin telefon nömrəsini mütləq verməlisiniz.

Özümüzü alıcı kimi təöqdim edib kreditlə götürmək üçün bir kompüter seçdik. Və qiyməti vurub-çıxıb bizə son qiymət deyildi - 1200 manat... Kredit şirkətinə bu şərtlər daxilində 1 il ərzində hər ay 100 manat olmaqla pul ödənməlidir.

Mağazadan çıxandan sonra həmin kompüterin bazar qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, “HP” firmasının məhsulunun həmin çeşidinin qiyməti digər kompüter dükanlarında 700-800 manat arasında dəyişir. “Maqnit” və “Ekspress kredit” isə malı 900 manata təklif edir. Təbii olaraq da onun faizi 300 manat artmış olur.

Kreditlə maraqlanan əksər alıcılar bu qiymətlərdən razı deyilmiş. Elə yol yoldaşımız olan bir tələbə qız kimi. Onun sözlərinə görə, televizorda şərtlər sərfəli görünsə də sonda alıcı aldanır: “Burada qiymətlər normal qiymətlərdən 3 dəfə bahadır. Kreditlə “Samsung Galaxy S3” markalı telefon götürmüşdüm. Nağd pulum yox idi almağa, tələbə biletimi götürüb gəldim. Deməli, mağazalarda 550-650 manat arasında dəyişən telefon burada 900 manata yaxın gəlib çıxır. Nəyi sərfəlidir?! Hər şey belədir - televizorlar, paltaryuyanlar, soyuducular. Camaatı dolayıblar lap, soymaq istəyirlər cibimizi”.

Üzərinə “Yalnız şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə kredit” elanı vurulmuş digər filialda isə kreditlə telefon götürmək istədiyimizi deyirik. Bunun üçün tələblər isə şəhər qeydiyyatı olmaq şərti ilə şəxsiyyət vəsiqəsi və ya tələbə bileti, həmçinin bir nəfər də zamin oldu. Elanda isə bu şərtlər yox idi.

Satıcılar özləri də bunun izahını bilmir: “Mövcud şərtlər bunlardır. Reklam haqqında isə nəsə deyə bilmərik”.

Deməli, bir sıra kredit şirkətləri kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Onlar hansısa məhsulu kreditlə verərkən reklam lövhələrində göstərilən şərtlərlə bərabər digərlərini də irəli sürürlər. Kreditlər rayon qeydiyyatında olanlara yox, şəhər qeydiyyatlı şəxslərə verilir. Bundan başqa, müştəri kredit götürdüyü məhsulun qiymətinin 20-30 faizi civarında ilkin ödəniş etməlidir. Bu isə əhalinin alıcılıq qabiliyyətinin zəif olmasından istifadə edən dükan sahiblərinin oyunlarından başqa bir şey deyil. Bu yolla əhali mebel satışından tutmuş blenderə qədər kredit götürür və artıq pul ödəyir.

Xatırladaq ki, “Ekspress kredit” şirkəti alınan hər hansı məhsulun ünvana çatdırılmasını da özü həyata keçirir. Bu, vətəndaşın istəyindən asılı deyil. Çatdırılma isə təbii olaraq əlavə xərc tələb edir.

Son nəticədə isə əlbəttə ki, istehlakçıların hüquqları pozulur. Ekspertlərin sözlərinə görə, Azərbaycanda kredit götürən müştərilərin hüquqları qorunmur. Məhz buna görə də müştərilərin aldadılması halları gündən-günə artır. Bunu həm banklara, həm də ayrı-ayrı kredit şirkətlərinə aid etmək olar. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. Bizdə isə “İstehlak kreditləri haqqında” qanun mövcud olmadığı üçün məhkəmə çəkişmələrində belə ittihamlar konkret qanunla tənzimlənmir. 

Hər halda hansısa bir malı satmağın ən rahat və sərfəli yolu reklamdır. Buna görə də “Faizsiz, ilkin ödənişsiz kredit”, “Yalnız şəxsiyyət vəsiqəsilə kredit”, “Arayışsız kredit” və sair kimi reklam lövhələrinə uymayın. Mağazaların endirim, bankların isə sərfəli kredit aksiyalarının yeganə məqsədi özlərinə daha çox müştəri toplamaqdır. Pulunuzu ön şəxsi “bankınıza” yatırıb nağd ödənişlər etməyiniz bütün şərtlərdən daha sərfəlidir.

Nərminə Vəliyeva

Virtualaz.org 

Xəbərlər