964
Pul-para 4 iyun — 14:29

İcra başçısı sahibkarlara zorla zibil qutusu satır

Şəmkirin icra başçsı Nazim Veyisov rayonda qeyri-adi ticari əməliyyata başlayıb. Rayondakı mötəbər mənbəmizdən virtualaz.org-a daxil olan məlumata görə, icra başçısı yerli sahibkarlardan zibil qutuları üçün pul yığdırır.

Xəbərdə bildirilir ki, N.Veyisov tabeçiliyindəki şəxslərə rayonda fəaliyyət göstərən 365 ticarət və iaşə obyektinin hər birinin sahibindən 50 manat almağı tapşırıb. Həmin pul sözügedən obyektlərin ərazisində və ya yaxınlığında zibil qutularının qoyulması adı ilə toplanır.

Mənbəmizin iddiasına görə, əslində zibil qutularının bu obyektlərə dövlət hesabına verilməsi nəzərdə tutulub. Bu məqsədlə də Şəmkirə 260 ədəd zibil qutusu gətirilib. Amma zibil qutuları başçının yaxın adamları tərəfindən sahibkarlara zorla satılır. Bu işdən boyun qaçıranlar isə “qarşılarında icra baçşısını görəcəkləri” ilə hədələnir. Mötəbərliyinə şübhə etmədiyimiz mənbəmiz vurğuladı ki, iş adamlarına ikiqat baha sırınan qutuların faktiki satış qiyməti 27 manatdır. İcra başçısı hətta ona da imkan vermir ki, sahibkarlar zibil qutularını özləri öz qiymətinə alsınlar. Əyalət şəhərinin sahibkarlarının qarşısına qoyulan tələb belədir: “Zibil qutusunu 50 manat verib mütləq bizdən almalısınız”. Hər qutunun üstündə icra başçısına qalan 23 manatı 365-ə vuranda yaranan qazancı hesablamaq isə elə də çətin deyil...

Mövzuya qayıdacağıq.

 RAUL

Xəbərlər