1399
Ölkə 12 yanvar — 15:38

"Mərmər başdaşıları, güldanları, lap gülləri də oğurlayırlar..."

Ötən həftə Yasamal qəbristanlığında sinə daşının oğurlanması ilə bağlı xəbərlər yayıldı. Məlumatda deyilirdi ki, sinə daşı xüsusi alətlə kəsilərək oğurlanıb. Nəticədə, qəbrin üstü açıq qalıb. Yasamal Rayon Polis İdarəsi hazırda oğrunu axtarır.

Qeyd edək ki, son vaxtlar qəbristanlıqlardan oğurluq edilməsi ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Kimi məzarın üstünə düzülən güllərin, kimi mərmər güldanların, kimi də məzarın ətrafına çəkilən dəmir barmaqlıqların oğurlanmasından şikayətlənir. Sonuncu hadisə isə qəbristanlıqların mühafizəsi məsələsini gündəmə gətirdi.

Bəs qəbirstanlıqların mühafizəsi necə həyata keçirilir?

Virtualaz.org saytının əməkdaşları bu suala cavab tapmaq üçün oğurluq hadisəsinin baş verdiyi Yasamal qəbristanlığında olublar.

Qəbristanlığın adını söyləmək istəməyən nəzarətçisi deyir ki, oğurluq əsasən gecələr baş verir, çünki iş vaxtı saat 17:00-da bitir. Qapılar səhərə kimi açıq qaldığından, istənilən şəxs məzarlığa daxil ola bilir. “Güllərin, mərmər güldanların oğurlanması adi hala çevrilib. Bəzən mərhumun yaxınları şikayətçi olurlar, amma əlimizdən heç nə gəlmir”, - nəzarətçi deyir.

Yeni məzarlardan birinə sinə daşı hazırlayan Salman Məmmədov deyir ki, qırmızı qranitdən olan sinə daşlarının qiyməti 6-7 min manatdır. “Devalvasiyadan əvvəl qırmızı qranitdən olan sinə daşları 6 min manata idi. İndi isə 8-10 min manata hazırlanır. Yəqin ki, oğurluq edən şəxs mərmər və qranitlərin qiymətindən xəbərdardır”, -S.Məmmədov söyləyir.

Yaxınlıqdakı usta da söhbətə qarışır: “Təkcə bahalı sinə daşları deyil, köhnə məzarların üstündəki daşlar da oğurlanır. Baxın, bu sinədaşının qiyməti uzaq başı 300-400 manatdır. Ötən dəfə köhnə, yazıları silinmiş sinə daşını söküb aparmışdılar. Üstün təmizləyib yenidən satacaqlar”.

Ustalar isə deyirlər ki, yeni məzarın hazırlanması üçün qum, sement artıq qalırsa, dərhal oğurlanır. “Axşam 5-6 sement kisəsi yığmışdıq ki, səhər işləyək. Tezdən gəlib gördük ki, sement kisələri yoxdur, qapının ağzında iki kisə qalmışdı, görünür, onları götürməyə vaxt çatmayıb”, - ustalardan biri əlavə edir.

“Qəbristanlıqdan oğurluq edilir”, - mollalar sualımızı sonacan dinləmədən bir ağızdan “biz eşitməmişik” söyləyirlər. “Qəbristanlığa nəzarət edənlər var, rəhbərlikdən soruşun. Biz heç nə bilmirik”, - 35 ildir mollalıq etdiyini deyən ağsaqqal əlavə edir ki, oğurluq işləri ilə polis məşğul olur. Heç kimə artıq sual verib başını dərdə salmaq lazım deyil.

Nəzarətçilərdən biri isə deyir ki, oğurlanan mərmər güldan və ya sinə daşı yalnız mərmər sexlərinin işinə yaraya bilər. Ona görə də, oğruları kənarda axtarmaq lazım deyil: “Yasamal qəbristanlığı çox böyük ərazidir, yüzlərlə məzar var. Amma adi bir xəbər burada yaxını basdırılmış hər kəsi narahat edir. Buna görə də, qəbristanlıqlarda nəzarət kameralarının quraşdırılması təklif edilir. Yəqin ki, yuxarı səviyyədə bu məsələ həll ediləcək”.

Yasamal qəbristanlığının dörd bir yanında mərmər və qranitdən başdaşı hazırlayan sexlər var. Qəbristanlığın yaxınlığındakı sexdə çalışan Ədalət Yusifov deyir ki, dollar bahalaşandan sonra qiymətli başdaşlarının sifarişi azalıb. İndi əksəriyyət uzaq başı 1500-2000 manatlıq başdaşları sifariş edir. “Son 6 ayda qəbirüstü heykəl sifarişi almamışıq. Əvvəllər isə heç olmasa ayda bir dəfə bahalı sifariş qəbul edirdik. Qırmızı qranit isə istəyən lap azalıb”.

Ə.Yusifov deyir ki, mərmər güldanların, sinə daşlarının oğurlanaraq sexlərə verilməsi mümkündür, amma buna yalnız gözdən uzaq ərazilərdə yerləşən sexlər razı olar. “Bakıda əksəriyyət bir-birinin əl işini tanıyır. Qəbristanlıqların yaxınlığındakı sexlər belə əclaflığa razı olmaz”, - Yusifov söyləyir.

Sexlərdən öyrənirik ki, son 6 ayda mərmər və qranitlər daha 40 faiz bahalaşıb. Beləliklə də, ötən ilin əvvəlində indiyədək Çin, Ukrayna, Moldova və Hindistandan gətirilən mərmər və qranitin qiyməti 90 faiz artıb. Görünür, bahalaşma davam etdikcə bahalı məzar daşlarının hər biri üçün nəzarətçi lazım olacaq.

Ülviyyə

Foto Samirənindir

Virtualaz.org

Xəbərlər