677
Ölkə 10 yanvar — 15:55

Bakıda piyada keçidləri: bu dünyadan o biri dünyaya keçid

Akademik Həsən Əliyev küçəsində, Tibb Universitetinin yataqxanasının qarşısından keçən yolda piyadalar üçün olan zolaq silinib. Hər gün bu yolu keçmək məcburiyyətində qalan sakinlərin əksəriyyəti həyatlarını təhlükə altında qoyurlar. Belə ki, svetoforun qarşısında olan piyada zolağı həm də qarşı tərəfdən gələn avtomobillərin hərəkətini tənzimləyir. Piyada zolağı silindiyindən, qarşıdan gələn avtomobil yolun yarısını keçmiş piyadaya yol vermək istəmir və nəticədə, piyadanın həyatı üçün təhlükə yaranır.

“Bu yolu gündə bir neçə dəfə keçirəm, hər gün də əsəb keçirirəm. Özünüz də görürsünüz ki, piyadaların çox istifadə etdikləri ümumişlək yoldur. Dəfələrlə sürücülərlə buna görə dalaşırıq. Burada zolağın silinməsi işimizi çətinləşdirir. Sürücü də deyir ki, hanı zolaq, göstər, yol verim”, - piyadalardan biri deyir.

Oxşar vəziyyət S.Vurğun və H.Əliyev küçələrinin, Ü.Hacıbəyov və A.S.Puşkin küçəsinin kəsişmələrində də yaşanır. Burada problemin həlli piyadaların və sürücülərin yol hərəkəti mədəniyyətinə qalıb. Maksimum diqqətli olmayan piyada üçün yarısilinmiş zolağı keçmək o biri dünyaya gedən yoldur. Ekspertlər hesab edirlər ki, bu problemə aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunmasa, bədbəxt hadisələr qaçılmazdır.

Problemə aydınlıq gətirmək üçün Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəisi virtualaz.org-a bildirdiyinə görə, yollara piyada zolaqlarının çəkilməsi Siqnal İdarəsinin, yeni çəkilən yollarda isə “Azəravtoyol” ASC-nin səlahiyyəti daxilindədir.

“Akademik Həsən Əliyev küçəsində əvvəl bir neçə yerdə bu cür piyada keçidləri var idi. Amma sonra o zolaqlar ləğv olundu. Tibb Universitetinin yataqxanasının qarşısından keçən yol da bu qəbildəndir. Həmin yolda piyada keçidi ləğv olunub, amma xətlər bir qədər çətin silindiyindən tam olaraq silə bilməmişik. Əgər orada piyadaların nizamlanmayan üstünlüyünü göstərən işarə varsa, xətt olmasa belə, piyadalara yol verilməlidir, yox, əgər nişan yoxdursa, demək piyada yolu yoxdur”, - deyə K.Əliyev bildirib.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər