518
Ölkə 10 yanvar — 13:56

Məhkəmədə hakim özü özünə etiraz etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Hazırlıq iclasında hakim özü özünə etiraz verib. Bunu cinayət işinin DTX-nin istintaq idarəsində aparıldığını, oğlu Emil İsmayılzadənin istintaq qrupunun üzvü olması ilə əsaslandırıb. Hakim bildirib ki, belə olan halda qanunvericilik onun bu işə baxmasına icazə vermir: "Bu, qanunun tələbidir".

Etiraz digər iki hakim tərəgindən müşavirə otağında müzakirə olunub. Bundan sonra etirazın təmin olunması ilə bağlı qərar elan olunub. Hakim Cavid Heseynov məhkəməyə sədrlik edəcək hakimin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev tərəfindən təyin ediləcəyini bildirib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirli bilinir.

2015-ci il yanvarın 6-da həbs edilən N.Kərimov barəsində yanvarın 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnqilab Əhədov da eyni maddə ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdədir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər