1070
Ölkə 12 oktyabr — 16:26

Badamdarda 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub

Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bildirilib ki, əraziyə yaxın obyeklərin fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Hazırda ərazıdə araşdırmalar aparılır. (Report)

*   *   *15:47

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:

"Əməkdaşzlarımız hadisə yerindədirlər. Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də araşdırma ərazilərdə də elektrik enerjisinin verilişi dayandırılacaq".

Xatırladaq ki. bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. (Trend)

*   *   *13:48

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə baxış keçirilir: “Sürüşmə Bayıl yamacı deyilən ərazisində baş verib. Hazırda dövlət nümayəndələri də əraziyə gəlib, baxış keçirilir”.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev isə bildirib ki, sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir: “Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra müvafiq qərar veriləcək.

Xəbərlər