302
Ölkə 12 iyul — 15:55

Süpürgəçi qadını vurub öldürən sürücü hakim önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində “KamAZ” markalı avtomobillə süpürgəçi qadını vurub öldürməkdə ittiham olunan Zaur Musayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi iyulun 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunuda qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisədən sonra ölən C.Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olmuşdu.

Virtualaz.org

Xəbərlər