5886
Ölkə 9 iyul — 12:30

Gəncədə güllə səsləri: liberal şiəlik dövlətə atəş açır

Müəllif: Eynulla Fətullayev

 

Amansız və mənasız ikinci Nardaran üsyanından dərhal sonra biz belə bir üzücü nəticəyə gəldik ki, Azərbaycanda yeni siyasi alternativ – siyasi şiəlik təşəkkül tapır. Bu siyasi alternativin yaranmasının zirvə nöqtəsi isə İranyönlü siyasi islamın ənənəvi dünyəvi rejimin konstitusion əsaslarının dəyişdirilməsi uğrunda silahlı mübarizəyə çevrilməsi oldu.

Nardaranda çaxnaşma, 2016-cı il

Azərbaycanda liberal ideyaların məhvinin və yoxa çıxmasının səbəb və qanunauyğunluqlarının uzun illər ərzində aparılan geniş analizi nümayiş etdirir ki, bu ideyaların daşıyıcıları – milli-demokratik düşərgə və mərkəzçi müxalifət tənəzzülə uğrayıb və bir daha dirçəlməyəcək tərzdə iflas edib. Ümumilikdə, əsaslarını liberal ideyalardan götürən müasir Avropa mərkəzçiliyinin ideologiyası Azərbaycan siyasi düşüncəsi üçün yaddır, belə ki, hətta birinci Respublikanın quruculuğu dövründə belə siyasi liberalizm daha məşhur olan ittihadçılığın (panislamizmin) və türkçü federalizmin kölgəsində qalmışdı. Böyük fevral inqilabına sayılı aylar qalmış “Müsavat” panislamist partiya olaraq qalırdı.

Siyasi düşüncə xalqın mənəvi həyatının və onun tarixi ənənələrinin təbii komponentidir. Azərbaycan isə əsrlər boyunca şiəliyin beşiyi olub. Yalnız ona görə yox ki, İranda 1979-cu ilin yaşıl inqilabı 20 milyonluq Azərbaycan xalqının əli ilə həyata keçirilmişdi. Hərçənd, hamı gözəl anlayır ki, Qum, Məşhəd, yaxud Kərbəla deyil, məhz Cənubi Azərbaycan müasir siyasi şiəliyin dayağıdır. Yalnız bu gün deyil, tarixən. Xatırlayın, Abbasilərin dövründə şiəliyin dayağı kim hesab olunurdu? Əsrlər sonra şiəliyi xilafətin rəsmi ideologiyası elan etmiş İranın türk sərkərdələri. Bütün Azərbaycan boyunca – Gəncədən tutmuş, Beyləqana qədər (sonradan böyük Tamerlan onu yerlə yeksan etmişdi) şiəliyin ilk döyüşçülərinin – xaricilərin kütləvi çıxışları yada düşür. Bəs paytaxtı Gəncə olan Şəddadilər şiə dövləti? Bəs şiəliyi İraqdan Suriyaya qədər yayaraq, İranı həmişəlik bütün yerdə qalan islam dünyasından ayırmış, türk (azərbaycanlı) Şah İsmayıl Xətainin imperatoru olduğu qızılbaşlar?

Farslar və İran deyil, məhz Azərbaycan və ilk növbədə, Cənubi Azərbaycan siyasi şiəlik kimi az qala ümumdünya ideologiyasının yaranmasında əsas rolu oynayıblar.

Dini şiəlik azərbaycanlıların silinməz mənəvi yaddaşıdır və ildə bir dəfə - şəhidlərin xatirəsinin yad edildiyi ərəfədə oyanır ki, həmin şəhidlər şiələrin düşüncəsində yarıilahi substansiyadır. Şiəliyin siyasi və dini formalarını az qala görünməz olan nazik xətt ayırır. Çünki şiəlik islam tarixində ilk siyasi partiyadır. Şiəlik elə özü bir siyasətdir və müsəlmanlar üçün müqəddəs olan düzgün xilafətdə hakimiyyətin ədalətli varisliyinin bərpası uğrunda mübarizəni özündə ehtiva edir.

şəhidlik şiəliyin ideologiyası kimi

Son beş-on əsr boyunca tarixi mənəvi və siyasi, hətta üzvi olaraq fanatik dini hisslərin ifadəsinin çox radikal formaları ilə çulğaşmış xalqa Avropa liberalizminin sırınması qeyri-mümkün vəzifədir. Axı liberalizm onun ekstremal fundamental təzahürü etibarilə ilk növbədə dini doktrinaların yürütdüyü doqmalardan insan ruhunun azadlığına can atmaqdır. İslamda, ilk növbədə şiə fundamentalizmində isə doqmalar barədə azad fikir yürüdülməsi belə müqəddəslərə şəkk etməkdir. Nə böyük çar Aleksandr, nə dahi rəhbər Stalin, nə də dahi milli lider Heydər Əliyev tarixi şiə yaddaşını – həyatın qavranılması, ailə dəyərləri və xalq ənənələrinə çevrilmiş mənəvi yaddaşı kökündən silə bilmədilər. Ötən əsrin 20-ci illərində Bakıda Aşura yürüşü zamanı insan kütlələrinin qırmızı qvardiyaçıların güllələrinə sinə gərdiklərini dəhşətlə izləyən bolşeviklər sonrakı illərdə on minlərlə azərbaycanlının məscidlərə və müqəddəslərin qəbirlərinə kütləvi yürüşlərinə göz yummağa üstünlük verdilər. Axı Aşura günü qırmızı qvardiyaçıların güllələrinə sinə gərmişlərdən heç biri silahını götürüb birinci Respublikanın müdafiəsinə qalxmamışdı. Birinci Respublika dövründə islam partiyasının tərəfdarları – ittihadçılar liberallardan fərqli olaraq, Azərbaycanda qaldılar və bolşeviklərə qarşı gizli mübarizəyə başladılar.

Nəriman Nərimanov azərbaycanlıları Aşuranı qeyd etməməyə inandırmağa çalışır

Sovet hakimiyyətinin 70 ili ərzində, ondan əvvəlki pravoslav çar hakimiyyəti dövründə olduğu kimi, güclü ideologiyaya və repressiv aparatın mövcudluğuna baxmayaraq, əbədi şiə fanatizmi ilə bacarmaq mümkün olmadı və ildə bir dəfə bu fanatizm hətta sovet və partiya işçilərinin belə düşüncələrinə hakim kəsilirdi. Onların da evlərində həmin gün şərbət, halva və qarışdırılan daşlardan dənəvər təama çevrilmiş hədik bişirilirdi... Kommunizm şiəliyə məğlub olurdu. Lenin müqəddəs qoca Mir-Mövsüm ağa ilə müqayisədə o qədər də inandırıcı görünmürdü...

90-cı illərin əvvəllərində başını ildən ilə daha çox güc toplayan və Hacı Əlikramın rəhbərlik etdiyi İslam partiyasının timsalında qaldırmış siyasi islama Azərbaycanda mentalitetin və tarixi yaddaşın yenidən kodlaşdırılması vasitəsi kimi avropasayağı postmodernist liberalizm qarşı dura bilərdi. Paradoksal görünsə də, ərəbçi-tarixçi Əbülfəz Elçibəyin simasında liberallar və millətçilər belə yüz minlərlə tərəfdarlarına Azadlıq meydanında şiəliyin şəhidi imam Hüseyndən sitatlarla müraciət edirdilər. Tərəfdarlarını o vaxtkı prezident A.Mütəllibovu devirməyə yollayan Elçibəy saqqallı cəbhəçiləri peyğəmbərin nəvəsinin şanlı süvariləri ilə müqayisə edirdi. Əlyazmalar yanmır, gələcək prezidentin çıxışlarının stenoqramlarını qaldırın və oxuyun!

Elçibəyin və tərəfdarlarının yalnız kəlamları deyil, əməlləri də siyasi şiəliyin çiçəklənməsi üçün yol açdı. Siyasi iflas, sonradan isə iki yola xidmətin, liberalizm daşıyıcılarının ardıcıllıqdan xroniki məhrumluqlarının və tənəzzülünün nəticəsi olaraq, Elçibəy işinin məğlubiyyətindən ruh düşkünlüyü yaşayan etirazçı platformanın minlərlə nümayəndəsi islamın müqəddəs ocağına – şiə məscidlərinə üz tutdular. Sünni məscidlərindən fərqli olaraq, şiələrin məscidlərində müqəddəslərin qüvvəsi uyuyur...

Yalnız Yaxın Şərqi deyil, dünyəvi ideologiyaların yerini ənənəvi revanşizmə - səfəviliyə və neosmanizmə verdiyi İran və Türkiyəni də bürümüş geosiyasi islamın nüfuzunun genişlənməsi Azərbaycanın da islamlaşması təhlükəsini qat-qat artırdı. Bizim Avropaya yalnız bircə pəncərəmiz, daha doğrusu nəfəsliyimiz qaldı ki, bu da Rusiya idi, lakin həmin ölkədə də cəmiyyət fövqəldövlətçi pravoslavlığa meyl edirdi. Cəmi bir neçə onillik bizim bütün regionumuzu orta əsrlərin tənhalığına, dini qəddarlığına və fövqəldövlətçi üstünlük ideyalarına gətirib çıxardı.

Siyasi islam Azərbaycanın cənub sərhədlərinə çox yaxınlaşmışdı. Bilavasitə geosiyasi təsir özünü çox gözlətmədi. Ötənilki Aşurada on minlərlə gözləri qeyri-sağlam parıltılı, fanatizmin kütləşdirdiyi insanın özbaşına çıxışı intibahda olan siyasi islamın təhlükəli ifadəsi idi. Az qala bütün şəhərlərdə ehtizaza gəlmiş kütlələr dini şüarlarla yürüşlər keçirdilər. Bu kütlələr müqavimətə Bakıda deyil, yalnız Gəncədə rast gəldilər. Orta əsrlər tarixçisi Qəzvini yazırdı ki, Gəncə islam şəhəridir. Yüzilliklər sonra Gəncə özünü qanadlarını açmış siyasi islamın qələbə axtardığı şəhəri xatırlatmağa başladı. Fanatik kütlənin qarşısını dünyəvi Konstitusiyanı qoruyan polis əməkdaşları kəsdi.

Gəncə hadisələri, 2017-ci il

Mütləqiyyətçi orta əsrlər xurafatı ilə mübarizə vasitəsi kimi liberalizm Konstitusiyanı kəşf edib. Bəli, Azərbaycandakı hazırkı hakimiyyət siyasi liberalizmin daşıyıcısı deyil. Hazırkı hakimiyyət sabit inkişafın və sosial dövlətin qarantı kimi siyasi varisliyin tərəfdarıdır. Və budur, Gəncədəki meydanda iki ideologiyanın – dünyəvi varisliyin və dini varislik ideologiyası əsasında bərqərar olmuş siyasi şiəliyin qarşıdurması baş verdi...

Təxminən bir il sonra, Aşuraya bir neçə həftə qalmış bu meydanda Gəncə başçısı Elmar Vəliyevin qanı töküldü. İstintaq iddia edir ki, atəş açan dini fanatizmin müdafiəsinə qalxmış qisasçı islamçıdır. İstintaqın versiyasını terrorçu Yunis Səfərovun yaxınları – həyat yoldaşı və qardaşı da təsdiq edirlər və eyni zamanda, sui-qəsdin şəxsi motivlərinə olan şübhələri inkar edirlər. Nəhayət, ən fəal İran blogerləri terrorçunun müdafiəsinə qalxaraq, şiəliyin dini varisliyinin təntənəsi uğrunda yeni ağlaşma-yürüş-mübarizənin qarşısında duracaq digər məmurları hədələyiblər. 28 ildə ilk dəfə Azərbaycanda islamçılar yüksək rütbəli məmura qarşı terror aktı gerçəkləşdiriblər. Bəli, bu tarixin yeni başlanğıc nöqtəsidir, yeni səhifədir və güman ki, geriyə dönüşü olmayan nöqtədir.

Lakin ən çox təəccübləndirən Gəncədəki terror aktını sevinclə qarşılamış qorxunc 90-ların liberallığının tör-töküntüsü olan kvaziliberal cameədir. Liberallar terrorçu Səfərovu qəhrəman-əzabkeş-qisasçı kimi tərənnüm edərək, fanatikləri yeni qisas aktlarına çağırıblar. Gəncə sindromu bir daha Azərbaycanda liberalizmin siyasi böhranının qanunauyğunluğunu üzə çıxardı və sübuta yetirdi. Bu, qanlı hadisənin əsas nəticəsidir, belə ki, azərbaycanlı liberallar dövlətə qarşı terrorçu mübarizəni kult halına gətirirlər. Tarixdə belə nümunələr olub, misal üçün, elə həmin eserlər – sosial-inqilabçılar, Zasuliç, Spiridonova və digər qəhrəmana çevrilmiş terrorçular. Lakin liberal-terrorizm sosial-siyasi təlimlərdə tamamilə yeni təzahürdür. Axı liberal necə terror aktlarını alqışlaya və qətlə çağırış edə bilər? Çox yəqin ki, bu heç liberal-terrorizm də deyil, liberal şiəlikdir. Bakının mərkəzi meydanlarındakı etiraz mitinqlərində bir ovuc tərəfdar toplaya bilən darmadağın edilmiş liberal qüvvələrin qalıqlarının siyasi şiəlik ordusunun polad sıralarında əriməsi.

Elmar Vəliyev Gəncə meydanında

Liberalların arxasında xalq iradəsi qalmayıb və onlar açıq-aşkar terror taktikasına səsləyirlər. AXC tərəfdarları və digər liberallar insanları iyulun 10-da meydana çıxaraq terroru dəstəkləməyə çağırırlar. Yeri gəlmişkən, çar məmurlarına atəş açmış ilk terrorçular məhz “Xalq iradəsi”ndə (“Narodnaya volya”) birləşmişdilər.

Bu, liberalizmin dəfnidirmi? Fəqət biz nəyin söhbətini edirik? Liberalizmin külü 2000-ci illərin əvvəllərindən əbədiyyətə qovuşub. Bu, yeni koalisiyanın – liberal şiəliyin formalaşmasıdır və o, XIX əsrin məbəd cəngavərlərinin və səlibçilərinin əhatəsində dünyəvi hakimiyyətə və kübar dövlətə hücum edir.

Xəbərlər