3938
Ölkə 7 iyul — 16:56

Hökumət Bakıda fətullahçıların daha bir məktəbini bağladı

Virtualaz.org-a Azərbaycan Təhsil Nazirliyindən verilən məlumata görə, “İstək” litseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir.

Qurumdan bildirildiyinə görə, illər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib.

2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” litseyi fəaliyyət göstərirdi. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar.

Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” litseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib.

Son illər bu litseyə müraciət edənlərin sayı da azalıb. “İstək” litseyinin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq var. Yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyir.

Qeyri-rəsmi mənbələrə görə, son illər “İstək” litseyi ciddi maliyyə sıxıntısı yaşamaqdadır. Bunun də səbəblərindən biri “Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də “İstək” litseyi artıq bazarda rəqabətə davam gətirə bilmir.

Litseyin fəalyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən  İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Təhsil Nazirliyi  “İstək” litseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır.

“İstək” liseyində çalışan müəllimlər isə kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər. Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımından əlverişli imkan ola bilər.

“İstək” liseyinin fəaliyyətini dayandırmasi ilə bağlı Yaranmış məsələlərin həllinə Təhsil nazirliyinin operativ reaksiyası  Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.

*   *   *11:45

“İstək” litseylər şəbəkəsinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçinin Təhsil Nazirliyinə müraciətindən sonra bu gün “İstək” Beynəlxalq Məktəbində təhsil alan şagirdlərin valideynləri aksiya keçirərək rəhbərlikdən açıqlama tələb ediblər.

Bu barədə virtualaz.org-a valideynlər məlumat veriblər. Onların sözlərinə görə, qərar gözlənilməz olub. Çünki bir neçə gün əvvəl litseyin əməkdaşı zəng vuraraq valideyn-litsey arasında bağlanılan müqavilənin təcili yenilənməsini istəyib. Bir çoxları növbəti ilin təhsil haqqını əvvəlcədən ödəyib, bəziləri isə avans veriblər. Həmin vaxt məktəbin bağlanılacağı haqda məlumat verilməyib.

Litseyin illik ödənişi 10 min manatdan yüksəkdir, təhsil ingilis dilində aparılıb. Valideynlər deyirlər ki, təhsil proqramı fərqli olub. “Biz indiyədək litseyə 40-50 min manat təhsil haqqı ödəmişik, amma təsisçi bizə əvvəlcədən xəbər vermədən bağlanılmasını istəyib. Xahiş edirik ki, məktəb Təhsil Nazirliyinin tabeliyinə verilsin, lakin əvvəlki tədris proqramı tətbiq edilsin. Biz dövlətə illik ödəniş edək. Bizim uşaqlar beynəlxalq olimpiadalarda qızıl medallar qazanıblar”, - valideynlərdən Sevda Məmmədova deyib.

Məktəbin direktoru valideynlərlə görüşdə bildirib ki, litseyin daxili problemləri olub, buna görə də, Təhsil Nazirliyinə müraciət edilib. Lakin təsisçinin belə bir addım atacağından litsey rəhbərləri də məlumatsız olublar. Litsey təsisçisinin kimliyi açıqlanmır, valideynlərinin israrlarına baxmayaraq həmin şəxs haqqında məlumat verilmir. “Bizim uşaqlar dövlət təhsil müəssisələrinin proqramlarını bilmirlər. Nazirlikdən xahiş edirik, təsisçi və ya məktəbin adı dəyişsin, bizim uşaqlar yenə bu litseydə oxusunlar”, -şikayətçilər deyiblər. Onlar təsisçidən indiyədək ödənilən təhsil haqqlarını geri istəyəcəklərini də bildiriblər.

Bakı ŞəhərTəhsil İdararəsinin əməkdaşı məktəbə gələrək valideynlərin şikayətini dinləyib. Valideynlərə tezliklə məktəblə bağlı açıqlama veriləcəyi vəd olunub.

Qeyd edək ki, litseyin adı ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində çəkilmişdi. Həmin sammitdə litseyin 9-cu sinif şagirdi Reyhan Camalovanın yağışdan elektrik enerjisi əldə etmək üçün hazırladığı qurğu-modelin layihəsi nümayiş etdirilmişdi və şagirdə ABŞ prezidenti Donald Trampın qızı İvanka tərəfindən mükafat verilmişdi.

Əvvəlki adı “Dədə Qorqud” olan bu litsey əvvəllər Fətullah Gülən təriqətinin təhsil müəssisələri şəbəkəsinə daxil olub. Lakin Türkiyədə fətullahçılara qarşı genişmiqyaslı mübarizənin başlanmasından sonra Azərbaycanda da bu təriqətin məktəblərinin, o cümlədən ali təhsil müəssisələrinin mülkiyyətçisi dəyişdi. İndi isə litsey ümumiyyətlə fəaliyyətini dayandırıb. Azərbaycanda cəmi 12 "İstək" litseyinin fəaliyyət göstərdiyi məlumdur.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər