585
Ölkə 14 iyun — 17:49

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər. 4 korpus, 300 çarpayılıq müəssisə Bakının Sabunçu rayonunda yerləşir.

Mərkəzin tikintisinə 2012-ci ildə başlanılıb. 1,9 hektar ərazidə inşa olunan mərkəz yüksək standartlara cavab verən tibbi avadanlıqlıq və lazımi dərman preparatları ilə tam təmin edilib.

Mərkəz ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək. Həmçinin Azərbaycanda dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə, ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisəsi olacaq.

Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs müalicə ala biləcək.

Binanın I korpusunda konsultativ poliklinika, stomatologiya, kardiologiya, şüa-diaqnostika, qəbul şöbəsi, inzibati şöbə, əvəzedici müalicə şöbəsi, rentgen, EEG və s. həyati əhəmiyyətli şöbələr qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunaraq fəaliyyət göstərəcək.

Yeni binada bir sıra tədbirlərin təşkili üçün 100 yerlik akt zalı, geniş və işıqlı mətbəx, dizel generator stansiyası, istirahət guşəsi, mərkəzləşdirilmiş qazanxana da müalicə işinin effektiv olmasına daha da əlverişli şərait yaradacaq.

Mərkəzin II korpusunda Reabilitasiya, İntensiv terapiya və qadın stasionar şöbəsi fəaliyyət göstərir. Ümumilikdə, müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulan ümumi 5 stasionar şöbə mövcuddur.

Xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədi ilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.

Ülviyyə

Virtualaz.org

Xəbərlər