350
Ölkə 17 may — 22:02

Alpinistlər dəfn olundu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş və dünən meyiti tapılmış alpinistlər bu gün dəfn olunublar.

Virtualaz.org-un məlumatına görə, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri -Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda, Namin Nizami oğlu Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında, atasının yanında dəfn ediliblər.

Dəfn mərasimlərində mərhumların yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Babur Vaqif oğlu Hüseynovun nəşi isə Astaranın Giləkəran qəbiristanlığında torpağa tapşırılıb.

Buradakı mərasimdə də mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Babur Hüseynovun çalışdığı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov iştirak ediblər.

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Xəbərlər