411
Ölkə 17 aprel — 16:44

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi

Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib.

M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib: "Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb".

MSK sədri deyib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb "Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb".

Çıxışlardan sonra Plenum fasiləyə ayrılıb.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

***15:27

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Virtualaz.org-un məlumatına görə, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin elan edilməsi məsələsinə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Xəbərlər