375
Ölkə 14 mart — 12:58

Məktəb yollarının qarşısında heyvan kəsiminə nəzarət olunacaq

Küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsiminə nəzarət olunacaq. Virtualaz.org xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, heyvan mənşəli qidalar mütləq ekspertiza rəyi əsasında satılmalıdır: "Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir. İlk növbədə buna nəzarət lazımdır ",- deyə Q. Təhməzli qeyd edib.

Agentlik sədri həmçinin bildirib ki, yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək.

Xatırladaq ki, virtualaz.org dəfələrlə yol kənarında, xüsusən azyaşlıların hər gün keçib getdiyi məktəb yollarının kənarında antisanitariya şəraitində heyvan kəsilmələri ilə bağlı problemə toxunub. Belə halların uşaqların psixologiyasına mənfi təsir edə biləcəyini gündəmə gətirib.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər