448
Ölkə 13 mart — 15:28

Maşınla qadını vurub öldürən biznesmen oğluna prokuror cəza istədi

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gündən sonra polisə təslim olan iş adamın 17 yaşlı oğlu yenidən hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Rəhim Rəhimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb. Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər