3745
Ölkə 9 mart — 18:13

Madam Hacıbəylinin çoxsaylı mülklərinin sənədləri də yayıldı

Keçmiş deputat, hazırda Əli Kərimlinin ən alovlu tərəfdaşlarından olan Milli Şura üzvü Gültəkin Hacıbəylinin əslində ortabab oliqarxlarla müqayisə olunacaq mal-mülkə sahib olduğu bu günlərdə üzə çıxmışdı.

Virtualaz.org xatırladır ki, keçmiş deputatın çoxsaylı daşınmaz əmlakının və torpaq sahələrinin siyahısını “Avropa.info” portalı dərc etmişdi. Bildirilirdi ki, bu mal-mülkləri madam Hacıbəyli deputat mandatı daşıdığı dövrdə qanunsuz yollarla, o cümlədən təmsil etdiyi Goranboy rayonunun kəndlilərinin hüquqlarını tapdalamaqla əldə edib. Bu mal-mülkün siyahısını bir daha xatırladırıq:

-Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;

-Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

-Goradil kəndində 30 sot torpaq sahəsi;

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

-Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;

-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;

-Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

-Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 “A” ünvanında mənzil.

Avropa.info portalı bu mövzuya yenidən qayıdıb. Sayt yazır ki, mal-mülklərinin siyahısı dərc olunandan sonra Gültəkin Hacıbəyli sosial şəbəkələrdə isterik reaksiya verib, bu faktları təkzib edib və onları yayanlara təhqirlər yağdırıb. Nəticədə sayt bu dəfə Hacıbəylinin çoxsaylı mal-mülklərinin sənədlərinin fotosurətlərini də əldə edərək yayıb. Bildirilir ki, Hacıbəyli deputat olduğu dövrlərdə qanunsuz yollarla əldə etdiyi mülkləri qanunsuz mexanizmlərdən istifadə edərək “leqallaşdırıb”, bir qismini atası Yunis Hacıyevin, digərlərini isə qardaşı Rauf Hacıyevin və bacısı Aytən Hacıyevanın adına keçirib.

Lakin bu mülklərin çoxunun təxminən eyni dövrdə, Hacıbəylinin deputatlığı ərzində əldə edilməsi onların əsl sahibinin məhz hakimiyyətin indiki alovlu tənqidçisi olduğuna şübhə yeri qoymur.

Məsələn, 2007-ci ilin 2 noyabr tarixində Abşeron rayonu Mehdiabad qəsəbəsində 3 vətəndaşın 4 sotluq torpaq sahəsi üzərində mülkiyyət hüququ Gültəkin Hacıbəylinin atası, qardaşı və bacısına keçib. Sayt həmin sənədlərin surətlərini təqdim edir.

Yaxud 2009-cu il 13 oktyabrda Goranboy rayonu 58-ci kvartalda 2 vətəndaşa hərəsi 8 sot olan 2 torpaq sahəsinin çıxarışında mülkiyyətçilər kimi Gültəkin Hacıbəyli və onun atası yer alır.

Digər sənədlərdən isə məlum olur ki, Goranboy rayonunun Nadirkənd kəndində kəndlilərə məxsus 5 hektarlıq pay torpağı üzərində mülkiyyət hüququ Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevə keçib.

Xatırladılır ki,  Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 2 torpaq sahəsi əldə etmişdi. Özü də nə az, nə çox – 3,24 və 1,76 hektar. Təbii ki, yenə də atasının adına rəsmiləşdirməklə. Sayt həmin torpaq sahələrinin də sənədlərini təqdim edir.

Habelə G.Hacıbəyli özünün Facebook səhifəsində Xırdalanda 60 sotluq torpaq sahəsini icarə götürdüyünü də təkzib edib. Lakin sayt həmin torpaq sahəsinin də G.Hacıbəylinin bacısının adına rəsmiləşdirildiyinə dair sənədləri təqdim edir.

Sayt bildirir ki, bunlar Gültəkin Hacıbəylinin əldə etdiyi bütün mülklərin tam siyahısı deyil.

“Bu istiqamətdə araşdırmamız davam edir və sabiq millət vəkilinin deputatlığı dövründə əldə etdiyi çoxsaylı mülklər, Goranboy rayonunda törətdiyi qanunsuzluqlar barədə məlumatları yaxın zamanlarda yeni faktlarla işıqlandıracağıq. Lakin Gültəkin Hacıbəyli açıqlamalıdır: Müxalifəti yeni “Mat Tereza”sı olmağa iddia edən Hacıbəyli buyursun 10 mart mitinqində qarşısında çıxış edəcəyi insanlara millət vəkili olduğu dövrdə əldə etdiyi bu mülklərin mənbəyini açıqlasın. Axı Hacıbəyli hektarlarla mənimsənilən bu torpaqları indi guya “müdafiə etdiyini” iddia etdiyi həmin o insanların nalələrinə əhəmiyyət verməyərək, zəbt etmişdi»-sayt yazır.

Virtualaz.org

Xəbərlər