370
Ölkə 14 yanvar — 18:20

Vasif Talıbov sərhədçilər üçün xidməti yaşayış binasının istifadəyə verilməsi mərasimində

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikasında sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərində sonra istifadəyə verilib.

Virtualaz.org Naxçıvan MR Ali Məclisinin Mətbuat xidmətinə istinadən bildirir ki, Ali Məclisin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə bərabər, hərbi hissələrdə zabit və gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisindəki yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır.

Vasif Talıbov yeni ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərində sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək deyib: “Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir”.

Ali Məclisin sədri deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmışdır. Muxtar respublikada sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu gün istifadəyə verilən yaşayış binası Sovet dövründə tikildiyi üçün istismar müddətini başa vurmuşdu. Ona görə də binada yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına yaşayış binasında yenidənqurma işləri aparıldı, sərhədçi ailələri üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradıldı...”.

“Ölkəmizin sərhədlərini qoruyan zabit ailələri üçün yaradılan bu şərait, eyni zamanda Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsidir”, - deyən Ali Məclisin sədri bir daha sərhədçi ailələrini təbrik edib.

Sərhədçi ailələri bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra Ali Məclisin sədri binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. 65 mənzilli və 6 girişdən ibarət olan binada elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənib, mənzillərin giriş qapıları və pəncərələri, eləcə də binanın giriş qapıları və dam örtüyü tamamilə dəyişdirilib, izolyasiya qatı verilib, pilləkənlər əsaslı təmir olunub. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadına travertin üzlük çəkilib.

Binanın həyətində də abadlıq işləri aparılıb, yeni park salınıb, uşaq əyləncə qurğuları istifadəyə verilib.

Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunub.

Ali Məclisin sədrinə məlumat verilib ki, üç və dörd otaqlı mənzillərin hər ikisində əsaslı təmir işləri aparılıb, lazımi kommunal məişət şəraiti yaradılıb.

Xəbərlər