4595
Ölkə 6 yanvar — 22:38

Bakıda dərəyə aşan avtobusda xəsarət alanların kimliyi məlum oldu

Zığ şosesində 175 saylı xətt üzrə (“Xətai” metrosu-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 nəfərin kimliyi bəlli olub.

3 saylı şəhər Xəstəxanasından bildirilib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib.

Xəsarət alanlar bunlardır:

1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü

2. Teymurova Afət Seyfəddin qızı, 1974

3. Cəfərova Sevda Müəllim qızı, 1961

4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,

5. Qurbanova Mətanət Əzim qızı, 1960

6. Həsənov Taleh Fuad oğlu, 1998

7. Savgin Vasili Aleksandr oğlu, 1975

8. Hüseynli Müşfiq Hicran oğlu, 1998

9. Babayeva Tahirə İlyas qızı, 1936

10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959

11. Yedyayeva İrina Valeri qızı , 1975

12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981

13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003

14. Məmmədli Aygül Vüqar qızı, 2002

15. Namazov Sədi Qəhrəman oğlu, 1938

***21:21

Bakı Nəqliyyat Agentliyi paytaxtda 15 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Bildirilir ki, yanvarın 6-sı saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "99-XM-581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

Hazırda hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

"Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq", - deyə məlumatda bildirilir.

***19:49

Bakıda 175 saylı xətt üzrə işləyən sərnişin avtobusunun qəzaya uğraması bu marşrutda işləyən sürücülərin hər gün yol verdikləri  kobud qayda pozuntularının məntiqi nəticəsidir.

Hər gün bu marşrutdan istifadə edən sərnişinlərin virtualaz.org-a bildirdiklərinə görə 175 saylı xətt avtobuslarının sürücüləri sürət həddini aşma, ötmə və manevr qaydalarının kobud şəkildə pozulması kimi ciddi yol hərəkəti qayda pozuntularına yol verirlər. Bundan narazılıq edən sərnişinlərin iradlarına sürücülər məhəl qoymur. Bu, Bakının əksər marşrut avtobusu sürücülərinin hər gün istifadə etdiyi praktikadır. Nəticədə paytaxtda avtobusların iştirakı ilə baş vermiş yol qəzalarında az qala hər gün ölən və yaralananlar olur.

***18:58

Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

Xəbər verildiyi kimi hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib. Qəzaya səbəb avtobusun sərt döngəyə yüksək sürətlə daxil olmasıdır. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

***18:44

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

***17:55

Paytaxtda marşrut avtobusu aşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şosesində baş verib.

Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.

Xəbərlər