248
Ölkə 6 dekabr — 18:11

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

Turizmin inkişafı, həmçinin vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən təmir-bərpa işləri aparılır.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 kilometr, eni 12 metrdir. Buraya 7.5 metr enində yolun hərəkət hissəsi və 2.25 metr enində çiyinlər daxildir.

Məlumata əsasən, sözügedən yolun 12 kilometrlik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa, yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirilmə işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

Ümumilikdə, layihə çərçivəsində yolun 170 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 kilometrində yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Quba-Xaçmaz avtomobil yolunun bərpası ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişindaşınması xeyli asanlaşacaq.

Xəbərlər