221
Ölkə 14 noyabr — 14:35

Salyanda velosipedçini maşın vurub

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 63-cü km-də, “Ləvəngi” restoranının qarşısında 25 yaşlı velosipedçini maşın vurub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Astara rayon sakininin idarə etdiyi Bakı istiqamətində hərəkət edən 90 XT 464 dövlət nömrə nişanlı “Mercedes”lə Salyan rayonu “Stansiya” yaşayış massivinin sakini, 1992-ci ildə anadan olmuş Muradlı Orxan Nəhməd oğlunun idarə etdiyi velosiped vurulub.

Bakıya sərnişin daşıyan “Mercedes”in sərniinlərinin bildirdiyinə görə, yolun kənarında dayanmış “KamAZ”ın arxasından qəfil çıxan velosipedçini görən sürücü əyləci bassa da, artıq gec olub.

Xəsarət aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş velosipedçinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər