324
Ölkə 12 oktyabr — 18:00

Piyada ölümlərinin artmasına səbəb nədir?

Bu gün Bakının Xətai rayonunda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Nissan” markalı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub. Gəncədə isə “KamAZ” markalı yük maşını ilə vurulan qadın ölüb. Dünən paytaxtın Nərimanov rayonunda, Zaqatalada piyada ölümü ilə nəticələnən yol qəzaları qeydə alınıb.

Rəsmi statistik rəqəmlər də son vaxtlar Azərbaycanda piyadaların vurulması ilə nəticələnən qəzaların artdığını təsdiqləyir. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi də piyada ölümü ilə nəticələnən qəzaların artmasından narahatlığını bildirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, piyadaların vurulması hadisələri ötən il 62 faiz olubsa, bu il 67 faizə qalxıb.

Səbəblər bəllidir - sürücülərin diqqətsizliyi, piyada səhlənkarlığı, onların məsuliyyətdən yayınmağa çalışmaları, yolların işıqlandırılmamasında mövcud olan nöqsanlar ölümlə nəticələnən qəzaların baş verəsinə səbəb olur.

Bəs ekspertlər nə təklif edirlər? Qəzaların qarşısını almaq üçün hansı tədbirlərə ehtiyac var?

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov virtualaz.org saytına açıqlamasında bildirib ki, yol nəqliyyat hadisələrinin yarıdan çoxu piyadaların vurulması ilə nəticələnən hadisələrdir. Müşahidələr göstərir ki, qəzaların əksəriyyəti piyadaların ehtiyatsızlığından, sürücülərin piyadalarla bağlı qaydalara əhəmiyyət verməməsindən yaranır. “Hər iki tərəfin üzərinə məsuliyyət düşür. Piyadalar mövcud qaydalara riayyət etmirlər, yolun onlar üçün nəzərdə tutulmayan ərazilərindən keçirlər. Beləliklə də sürücüləri çətin vəziyyətə salırlar. Doğrudur, yol hərəkət qaydalarını pozan piyadalar cərimələnir, amma bu qəzaların qarşısını almaq üçün yetərli deyil, maarifləndirici tədbirlər keçirilməlidir. Piyadalar qəza baş verənə qədər təhlükəni hiss etmirlər”, - Allahverənov söyləyib.

Ekspert deyir ki, piyadaların ehtiyatsılığı sürücüləri məsuliyyətdən azad etmir. Sürücü bilməlidir ki, qəfil zolaqdan kənar yolu keçməyə çalışan piyada, topun arxasınca qaçan uşaqla qarşılaşa bilərlər. Buna görə də, sürücü qəzadan yayınmaq üçün sürət həddini düzgün seçməlidir.

Qəzaların əksəriyyəti gecə saatlarında baş verir. A.Allahverənov əlavə edib ki, yolun işıqlandırılmaması qəzaların baş vermə səbəblərindən biridir. “Gecə saatlarında yolların işıqlandırılmaması problem kimi dəfələrlə qabardılıb. Piyadalar qaranlıq ərazilərdə yolu keçmək üçün düzgün yer seçməlidir. Sürücü də gecə saatlarında piyada keçə biləcəyini nəzərə almalıdırlar. Biz təklif etmişdik ki, piyadalar üçün işıqqaytaran xüsusi vasitələrdən istifadə edilsin. Hələlik bu təcrübə bizdə geniş yayılmayıb”, - ekspert qeyd edib.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü və piyadaların məsuliyyəti əksini tapıb.

Onu da xatırladaq ki, Azərbaycanda hər il 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda 1000-dən artıq insan dünyasını dəyişir, 3000-dən çox sərnişin və ya piyada xəsarət alır.

Ülviyyə Xuduzadə

Virtualaz.org

Xəbərlər