493
Ölkə 6 oktyabr — 16:39

Cənub bölgəsində sel fəlakəti: “Son 50-60 ildə belə şey olmamışdı...”

Xəbər verildiyi kimi, oktyabrın 4-ü və 5-də Azərbaycanın cənub bölgəsinə yağan aramsız yağışlar Masallı, Lənkəran və Astara rayonlarında ciddi problemlər yaradıb. Astaraçayın daşması nəticəsində onlarla kənddə evlər suyun altında qalıb, sel suları əkin sahələrini yuyub aparıb, təsərrüfatlara ciddi ziyan dəyib, ev heyvanları tələf olub. FHN cənub rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 360-dan çox adamı təhlükəsiz yerlərə təxliyə edib.

Sakinlərin  bildirdiklərinə görə, yaşadıqları evlərdə çatlar yaranıb, əhali zirzəmilərə dolan suları çəkməklə məşğuldur. Masallı rayonunun Boradigah kənd sakini Ədalət Əhmədov deyir ki, Astaraçayın mənsəbini açmasaydılar, su bütün  kəndi yuyub aparardı: “Evlərdə çat yaranıb, zirzəmilər su ilə dolub, toyuq-cücəni sel aparıb. Çayın mənsəbini açmasaydılar, kəndi sel aparardı. Hazırda su dolan həyətləri təmizləyirik”, - deyə kənd sakini qeyd edir.

Astara rayonunun İranla sərhəd boyunca yerləşən Rudəkənar, Məscidməhəllə, Qapıçıməhəllə kəndləri suyun altında qalıb. Rudəkənar kənd sakini Rauf Rzayev danışır ki, əksər sakinlər gecəni maşında keçiriblər: “Astaraçay daşıb, gecə yarısı kəndə sel gəldi. Gördük ki, su böyük axınla gəlir, körpələri yuxarı çıxartdıq. Səhərə yaxın su bir az azaldı. Səhərə kimi yatmamışıq, körpələri götürüb bir az təhlükəsiz yerə qaçdıq. Kimin maşını var, maşında gecələdi. Başqa yerdə qohumu olanlarda gecələməyə getdilər. Səhər saat 8-də evə gəlmişik. Ev-eşik bərbad hala düşüb. Qış ehtiyatımız zirzəmidə idi. Hamısı zay olub…”, - deyə zərər çəkmiş kənd sakini bildirir.

Sakinlər deyirlər ki, su bir metrdən yüksəyə çıxdığından əksər evlərdə qış tədarükü ilə dolu zirzəmilər suyun altında qalıb: “Aşağı mərtəbələr suyun içində idi. Düyünü, cücəni su apardı. Toyuq hini 1.5 metr hündürlükdədir. Su dolub, hamısı ölüb. Saxlamışdıq qışa, o da belə», - deyə Əzizağa Əhmədov bildirir.

Kənd sakinləri içməli suyu quyulardan götürdüyündən çirkab su dolan quyular da təhlükə mənbəyidir. Təbii fəlakət demək olar ki, Astara çayı boyunca yerləşən bütün kəndlərə zərər vurub. Hətta bəzi körpüləri sel yuyub aparıb, sakinlər qayıqlarla təxliyyə ediliblər. Sel və daşqınlar nəticəsində cənub bölgəsində 10-a yaxın körpü dağılıb. Bundan başqa, Ələt-Astara avtomobil yolunun Velədi kəndi ərazisindən keçən hissəsində, Lənkərançayın üzərindəki avtomobil körpüsündə dörd yerdə çatlar əmələ gəlib. 

Təbii fəlakətlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətində fövqəladə yığıncaq keçirildiyi bildirilir.

Aramsız yağışlar nəticəsində cənub bölgəsində kəndlərə dəyən zərər və dağıntnın fəsadların aradan qaldırılması ilə bağlı vəziyyəti öyrənmək üçün təbii fəlakətin baş verdiyi rayonlarla əlaqə saxladıq.

Masallı rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı virtualaz.org-a açıqlamasında artıq əksər ev və həyətlərdən suyun çəkildiyini dedi. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində rayona dəyən maddi ziyan hesablanır: “100-ə yaxın həyətə su yığılmışdı. Artıq bu gündən bütün sular çəkilib, 10-a yaxın həyətdə isə suyu nasoslarla vurub çıxarmışıq. Çayın mənsəbi açılıb, səviyyəsi aşağı salınıb. Artıq cənub bölgəsində gərgin vəziyyət yoxdur. Hansısa evə və ya obyektə maddi ziyan dəyməyib. Hazırda komissiya üzvləri ərazidə işləyirlər. Əgər ziyanın dəyməsilə bağlı hər hansı hal olsa, komissiya üzvləri aktlaşdıracaq”.

Lakin aktlaşdırma hələ o demək deyil ki, sel fəlakətinin ziyan vurduğu sakinlər İcra Hakimiyyətindən yardım alacaqlar. Bir qayda olaraq belə hallarda tərtib edilən aktlar Nazirlər Kabinetinə göndərilir ki, oradan da dəymiş ziyanla bağlı kompensasiyanın ödənilməsi haqda qərar çıxarılması müşkül məsələdir.

İcra rəsmisi həmçinin qeyd edib ki, Masallı rayonunda ev heyvanlarının kütləvi tələf olma hallarına rast gəlinmir: “Bəzi ev heyvanları tələf olub. Amma bu kütləvi deyil, bir neçə kənddə bir-iki təsərrüfatda heyvanların ölümü qeydə alınıb. Bir kənddə 10 evdə toyuq-cücə tələf olub, bir kənddə isə iyimiyə yaxın ev quşu qırılıb”.

Astara rayonunda da təbii fəlakətin fəsadları aradan qaldırılır. Rayon İcra Hakimiyyətinin İnformasiya şöbəsinin müdiri Səfail Məmmmədovun virtualaz.org-a bildirdiyinə görə, artıq rayonda elektrik enerjisinin verilişi bərpa olunub, torpaq uçqunu baş verən yollar təmizlənir. Evlərinə ziyan dəyən və təsərrüfatları məhv olan sakinlərə yardım olunub-olunmayacağı isə komissiyanın araşdırmasından sonra bəlli olacaq.

“Hazırda kəndlərdə briqadalar işləyir, təbii fəlakətin nəticələri aradan qaldırılır. Rayonda 17 məntəqədə torpaq sürüşməsi baş verib. Deqədi yolunda torpaq sürüşməsi var idi, o yolun bir hissəsi açılıb, minik maşınları keçir, yük maşınları hələlik yoldan keçə bilmir. Hazırda yolların təmizlənməsi ilə məşğuluq”-S.Məmmədov bildirib.

İcra rəsmisi deyib ki, daşqınlar nəticəsində qaz xətlərinin sıradan çıxması qeydə alınmayıb, amma naqillərin qırılması səbəbindən bəzi kəndlərə elektrik verilişi dayanmışdı. Hazırda elektrik enerjisinin bütün kəndlərdə bərpa olunması üçün təmir briqadaları işləyir.

“Təxminən 83 evə su dolub, həyətləri su basıb. Orada ev quşları, təsərrüfatlar məhv olub. Rayona dəqiq nə qədər ziyanın dəyməsi ilə bağlı komissiya aktlaşdırma aparır.  

Sakinlərə hər hansı yardım olunub olunmayacağı komissiyanın qərarından sonra məlum olacaq”, - deyə icra rəsmisi bildirib.

Astara Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov isə deyir ki, artıq bütün sakinlər evlərinə qayıdıblar: “Ölüm hadisəsi, mal-qara tələfatı olmayıb. Vaxtında xilasedici işlər görüldü. Dəymiş ziyan müəyyənləşdirilir. Yağıntı çox oldu, Astaraçayın bəndi də dağıldı. Bənd dağılmasaydı da, su hündür idi, daşacaqdı. Bu ərazidə daşqınlar olub. Amma son 50-60 ildə belə güclü daşqın olmayıb. Əsas odur ki, insanları təhlükədən qurtardıq. Həmin ərazidə mütəxəssislər işləyir, 300 metrə yaxın ərazidə bərkitmə işləri nəzərdə tutulub”, - deyə icra rəsmisi bildirib.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər