222
Ölkə 6 oktyabr — 12:52

26 yaşlı iki uşaq anası ərinin ölümündə ittiham edilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının ölümündə ittiham olunan 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.

Prosesdə təqsirləndirilən G.Mirzəyevanın vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, mərhumla xanımı arasında soyuq münasibətlər yaranıb. Qadın dəfələrlə ata evinə qayıtmaq istəyib. Amma mərhum Şəmsi Babayev buna icazə verməyib: "Güləri dəfələrlə bu mübahisələrə görə döyüb. Sonuncu dəfə Gülər yenə də atası evinə getmək istəyib. Amma Şəmsi Babayev maaş almadığını bəhanə gətirərək sabah özü aparacağını deyib. Mübahisə zamanı Şəmsi Güləri döyüb. Gülərə, "sən ata evinə ona görə getmək istəyirsən ki, başqa kişilərlə görüşəsən" deyib, boşqabla Gülərin boyun nahiyyəsindən vurub. Gülər özünü müdafiə etmək üçün stolun üstündən götürdüyü bıçağı Şəmsiyə sarı atıb".

Mərhumun atası, zərərçəkən Knyaz Babayev vəkilin çıxışına etiraz edib. O, oğlunun Gülər Mirzəyeva tərəfindən deyil, başqa şəxslər tərəfindən öldürüldüyünü bildirib. Məhkəmə prosesini pozduğuna görə hakim K.Babayevə xəbərdarlıq edib. Bundan sonra K.Babayev məhkəmə zalını tərk edib.

Vəkil çıxışının davamında müdafiə etdiyi şəxsin mərhumu qəsdlə öldürmədiyini bildirib: "Gülər necə bilərdi ki, atdığı bıçaq mərhumun şah damarına dəyəcək? Heç çox adam şah damarın harada olduğunu bilmir. Bu işdə digər şəxslərin əlinin olması da yalandır. Gülər mərhuma xəsarət yetirdikdən sonra onu xəstəxanaya çatdırıb".

Bildirək ki, Gülər Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var. Zərərçəkmiş tərəfin iddiasına görə, G.Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqsirləndirilən qadının atası və qardaşı da günahlandırılır.

Hadisə 2016-cı il noyabrın 7-də Maştağa kəndində baş verib. Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qanitirmədən dünyasını dəyişib. G.Mirzəyeva ərini xəstəxanaya özü gətirib.

G.Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər