2725
Mədəniyyət 27 iyun — 18:03

Əli Mirəliyev xanım müğənniləri abırdan saldı

“Aygün ora-burasını göstərməklə məşğuldur. Brilyantla Aygünün fəxri adları alınmalıdır. Adamda bir sifət olsun gərək...” 

Adı həmişə qalmaqalların düz ortasında olan müğənni Əli Mirəliyevlə Mərdəkanda görüşəsi olduq.  Telefon söhbətimizdə ünvanı elə beləcə başa saldı: “Mərdəkana girən kimi Ələsgərin dükanını soruş, deyəcəklər, ordan sağa dön, bir az gəl, toyda olacam, həyət toyudur, sənə çətin olarsa qarşılasınlar”.

“Yox, özüm taparam” desəm də məni qarşılamağa adam göndərmişdi. Sadəliyi geyimindən, danışıq tərzindən, toy evindəki insanlarla söhbətindən hiss olunurdu...

“Əli müəllim, toya deyəsən qonaq kimi gəlmisiniz” sualıma “yox, həm də müğənni kimi gəlmişəm” deyəndən sonra sənətkarla hal-əhval tutmamağımın fərqinə vardım. 

- Əli bəy, səhhətinizdə problem vardı nəsə. İndi necəsiniz?

- Belə də, yavaş-yavaş yaşayırıq. Allaha şükür, pis deyiləm.

- Bəs musiqimizin əhval-ruhiyyəsi necədir?

- Muğamımız yaxşıdır. Bizim mahnı janrımız, bəstəkar mahnılarımız bərbad gündədir. İndi Azərbaycan musiqisindən əsər-əlamət qalmayıb. İndi ifa edilələnlər digər xalqların, özü də kiçik xalqların mahnılarıdır. İndi musiqimizdən Üzeyir Hacıbəylinin iyi gəlmir. Başqa iy gəlir, elə iy gəlir ki, adam o iydən çimçəşir, iyrənir.

- Sizin həmişə sərt danışmağınız çoxlarının xoşuna gəlməyib. Buna görə də sizə olan münasibət də birmənalı deyil. Siz haqqı dediyiniz məqamlarda yanınızda olanlar oldumu? Yoxsa...?

- Mən həyatda həmişə mübariz olmuşam və heç kəsdən də qorxmamışam. O vaxtlarda da sözümü demişəm. Demişəm və “pis kişi” olmuşam. Əvvəllər “Dan ulduzu” ansamblında oxuyurdum. Mən rəhmətliklər Gülağa Məmmədovdan, Şövkət Ələkbərovadan, Hüseynağa Hadıyevdən, Allah ömür versin, Akif İslamzadədən sonra o ansamblın sonbeşiyi idim. Rəhmətlik Gülarə xanım məni çox istəyirdi. Onun sözünün qabağına söz çıxardan olmazdı. Konsertin vaxtını, televiziyada nə vaxt gedəcəyini özü müəyyənləşdirərdi. Gülarə Əliyevanın vəfatından sonra AzTV-nin qapıları üzümə bağlandı. Amma mən orada böyümüşəm, orada püxtələşmişəm, məni oradan tanıyıblar. İndi də efirlərə çağırırlar. Amma oxumağa yox, verilişlərinin reytinqini qaldırmağa. Həqiqəti deməyim çoxunun xoşuna gəlmir. İndi məni hamı qalmaqallı bir adam kimi tanıyır. Bu isə belə deyil. Mən sadəcə haqqı deyirəm. Efirdə görünən kimi deyirlər yenə də başladı. İndi yeniyetmələr “əməkdar artist” və “xalq artisti” fəxri adlarını alıblar. Sənətin, musiqinin nə olduğunu bilməyənlərdi əksəriyyəti bu adı alıb. Əvvəllər bədii şura vardı, mizan-tərəzi vardı... İndi dərəbəylikdir.

- Sizcə, indi hansı kiriteriyalara əsaslanıb fəxri adlar verilir?

- Bilmirəm, onların işindən baş açmaq olur ki?! Hansı meyardırsa da bu, sənətkarlıq, musiqi duyumu, xalq sevgisi kriteriyası deyil. Mənim davam ancaq ondan ibarətdir ki, Üzeyirin qoyduğu musiqi məktəbinin davamı olsun.

- Əli bəy, kimdir axı musiqimizi urvatsız edənlər?

- Məsələn, o Brilyant var ha, o Brilyant bizim xalq və bəstəkar mahnılarımızı ifa edəndə, guya oxuyanda elə xırdalıqlar edir ki, mahnı artıq mahnılığını itirir. Sözləri düzgün ifadə etmir. Sözlər elə bil ki, fışıltı ilə sürüşüb ağzından yerə düşür. Brilyant Azərbaycan dilini bilmir. Nazpəri Dostəliyevanı götürək. Məgər o vaxt oxumurdu? Oxuyurdu, orda-burda, amma efirlərdə meydan sulamırdı. Niyə? Ona görə ki, onu da bədii şura qoymurdu televiziyaya çıxmağa. İndi isə xalq artistidir. İşə bax e... Bunlar mahnılarımızı bu günə qoymaqla xalqa tənə edənlərdir. Brilyant adını dəyişib qoymuşdu “Brika”. Ölkəni tərk etmək istəyəndə aeroportda tutmuşdular. Adını nöş dəyişmisən? Adama deyərlər, xeyir ola, ölkədən qaçmaqda məqsədin nə idi. Mən təkcə onu bilirəm ki, o kriteriya oxumaq kriteriyası deyil, tamam başqa şeydir. Hamınız gözəl bilirsiniz nədir...

- Faiq Ağayev də gənc xalq artistlərindəndir...

- Faiq musiqili oğlandır. Musiqini bilir. O vaxtlar mən Faiqi çox sıxdım. Qabağa getməsi üçün. İstədim məsuliyyətli olsun. Faiq Ağayev Cahangir Cahangirovun “Buludlar” mahnısını oxuyub. Çox bəyəndim. Faiq çox savadlıdır. O biriləri ilə müqayisədə onun adının üstündə mübahisə etmək düzgün olmaz. Müğənni olmaq asan deyil, o adlar, titullar gəldi-gedərdi.

- Müğənnilər toylarda bərkiyir, püxtələşir...

- Düzdür. Mən əvvəllər də, indi də toylara gedirəm. Amma bəzi gədə-güdə kimi toylara qiymət oxumuram. Nə verirlərsə, min bərəkət deyirəm.

- Dostlarımızdan biri sizinlə müsahibə alacağımı bildikdə haqqınızda xoş sözlər dedi. Əlavə də elədi ki, məndən “İlhamə Quliyeva yoxsa Əli Mirəliyev” seçimini etməyi itəsələr, Əli Mirəliyevi seçərdim...

- Yox, elə demə. İlhamə xanım gözəl sənətkardır. Musiqinin incəliklərini bilir, neçə illərdir səhnədədir. Sevilən müğənnidir. O, vaxtilə kolxozlarda, sovxozlarda konsert verib. Pambıqçıların, sağıcıların, çobanların qarşısında oxuyub. Sovet musiqi məktəbini keçib.

- Bu yaxınlarda Nadir Qafarzadə “Maral” adlı mahnı oxudu. Sanki o mahnının sözlərində uyğunsuzluq, primitivlik, əxlaqsızlıq var...

- “Maral” abırlıdır hələ. Sən “Can-cana”dan, “Qarabala” dan və sairdən danış. Biz belə ara mahnıları oxumamışq.

- Deyirlər ki, Əli Mirəliyevin belə danışmasına baxmayın, toylarda ona pul verib ara mahnıları oxumağı sifariş verirlər...

- Nə? Mən?! Mən, nəinki mən özüm o mahnıları oxuyuram, heç mən olduğum toylarda həmin o ara mahnılarını heç kəs oxuya bilməz, imkan vermərəm.

- Guya siz Cəmilə xanımın olduğu bir məclisdə “Qarabala” mahnısını tərifləmisiniz...

- Cəmilə? O, Cəmilə deyi, Cəmidi, Cəmi! Cəmi yaxşı at çapa bilər. O nə bilir mahnı oxumağı?! Mən heç Aygün Kazımovanı müğənni hesab etmirəm, o ki ola Cəmilə...

- Bayaq Nadirin adını boş yerə çəkmədim. Nadir də Cahangir Cahangirovun “Füzuli” kantatasını oxuyub. Elə Nazpəri də Şövkət xanımdan sonra. Siz necə düşünürsünüz, oxuya biliblərmi?

- Özünə hörmət edən müğənni heç vaxt Şövkət xanımdan sonra gərək o əsəri oxumasın.

- Onda o mahnıların uzunömürlü olması şübhə altında qalar axı, mahnılar itib batar...

- Oxumaq olar e... Ancaq dəqiq oxumaq lazımdır. Məsələn, “Sarı gəlin” mahnısını Akif İslamzadə oxuyub. Artıq möhürünü vurub ona. Mən də oxumuşam və bir çox müğənnilər də. Nadir köhnə fonoqramın üstündə oxuyub həmin kantatanı. Nadir nə bilir elə əsəri oxumaq nədir. Baxmayaraq ki, digərləri ilə müqayisədə o da babatdır.

- Səməd Səmədovla dost olmusunuz. Amma onun haqqında dost kim danışmadınız. Səməd də xalq artistidir. Bəlkə arada bir həsəd var?

- Səməd heç vaxt müğənni olmayıb, olmayacaq da. O, mənim “aparatşikim” olub. Sonralar adam-zad olmayanda ionika da çalardı. Bu adama dedim oxuma, sözümə baxmadı, oxudu. Dilimizi bilmir. “Getdim” əvəzinə “gitdim” deyir. Amma yavaş-yavaş dilimizi öyrənir. 

- Aygün Kazımova öz rəsmi sosial şəbəkə səhifəsində İlhamə Quliyevanı bu sözlərlə təhqir edib: “Azərbaycan qadını... Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz, İlhamə Quliyeva”. Bununla bağlı nə deyə bilərsiniz?

- Bir sözlə, atlar ölüb, itlərin bayramıdır. Aygün kimdir axı İlhəmə xanımı təhqir etsin?! İlhamə Həbib Bayramov, Tükəzban İsmayılova kimi sənətkarların əlindən su içib. 70 yaşı var e onun. Aygün onunla nahaq cəngə girir. Aygün orasını-burasını göstərməklə məşğuldur. Brilyantla Aygünün fəxri adları əllərindən alınmalıdır. Onlara nə üçün bu adları veriblər?! Adamda bir sifət olsun gərək! Aygün indi də Üzeyir Mehdizadə ilə oxuyur.  Axı Üzeyir Mehdizadə nə oxuyur ki, sən - Aygün xalq artisti olaraq onunla duet oxuyrsan?! Məlumdur, çoxlu pul qazanmaq üçün belə edir...

- Bu qədər iradlarınız var... Bəstəkar mahnılarının zəif olması və sair. Bu iradlarla bağlı Bəstəkarlar İttifaqına müraciət etmisinizmi?

- Onlar kimdir ki, mən onlara müraciət edim?! Onlar mənə müraciət etməlidir. Bəstəkarlar İftifaqında yaxşı bilirlər ki, musiqimizi bərbad günə salırlar. Bəstəkarlar İttifaqını sayan yoxdur. Hərə özünə telekanal açır, pulunu ödəyənləri efirə çıxarırlar, oxumaqdan başqa əllərindən hər şey gəlir və hər şey də edirlər...

- Hər halda mahnıların sözlərinin seçimində, musiqinin plagiat olmamasında onların bir nəzarəti olmalıdır, ya yox? Məsələn, Brilyantdan danışdınız bayaq, mahnısını dediniz. “Gündüz, gücə, xəlvətcə, ölüncə”, “maç-muç, quc-muc” dediniz...

- Bəstəkarlar İttifaqını heç yada da salmırlar. O mahıların sözləri də bərbaddır. Vüqar özü isə pis oğlan deyil...

- Bəstəkar Vüqar Camalzadəni deyirsiniz?

- Vüqar Camalzadə kimdir?! Mən onu bəstəkar hesab eləmirəm. Azərbaycanda musiqi duyumu yerində olan iki savadlı bəstəkar var - Aygün Səmədzadə və Nailə Mirməmmədli. Mən şair Vüqar Əhmədi deyirdim, babat şerləri az deyil.

- Hamını tənqid atəşinə tutdunuz. Bəs gənclərdən yeni nəfəs kimdir?

- Azər Zeynalov, Aygün Bəylər, Aygün Bayramova, Röya, Elton, Abbas. Röya muzıkalnı qızdır...

- Bəs Zülfiyyə Xanbabayeva?

- O, yaxşı qadındır, sakitdir... Oxuyur də... 

Tural Balabəyli

Virtualaz.org

Xəbərlər