1717
Dünən 17 may — 13:46

Xarici ölkələrlə görüntülü danışıq dayandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməlidir.

Bunu femida.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, müvaviq dövlət qurumunun icazəsi olmadan vətəndaşların xarici ölkələrlə video danışığına məhdudiyyət qoyula bilməz: "Artıq iki gündür problem sosial mediada müzakirə olunur. Əvvəllər də "whatsapp" vasitəsilə video zənglərdə müəyyən problemlər yaşanırdı. Hazırda müşahidə olunan görüntülü danışıq probleminin kökü barədə ətraflı məlumat yoxdur. Amma bəzi versiyalar irəli sürmək olar. Ola bilsin ya mobil opertatorlar, ya da provayderlər xarici ölkələrlə video danışıqlara blok qoyub. Burada mobil operatorların biznes maraqları da ola bilər. Bu gün ölkədə xeyli sayda xarici turist var və onlar öz ölkələri ilə əlqə saxlamalıdır. İnternet üzərindən danışıq olanda mobil operatorun gəliri az olur. İstənilən halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin icazəsi olmadan belə bir məhdudiyyətin qoyulması yolverilməzdir və qanunsuzdur".

Osman Gündüz vurğulayıb ki, məsələ dərindən araşdırılmalı və rəsmi açıqlama verilməlidir: "Müxtəlif vasitələrdən istifadə edərək informasiyanın əldə olunması insanların konstitusiyon hüququdur. Buna görə də məlum qadağa ilə bağlı araşdırma aparılmalı və rəsmi açıqlama verilməlidir. Bunun beynəlxalq yarışların keçirildiyi bir məqamda tətbiq olunması özü-özlüyündə sual doğurur. Hazırda Bakıda xeyli sayda xarici qonaqlar var. Sözsüz ki, turistlər də bundan narazı qalıblar. Təhlükəsizlik məqsədilə belə bir məhdudiyyət qoyula bilər. Azərbaycan qanunvericiliyi də buna imkan verir. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl ölkədə bir neçə internet resursuna blok qoyuldu. Yəni internetdən istifadəyə qanun çərçivəsində məhdudiyyət qoyulması mümkündür. İstənilən halda bizdə bu sahəyə cavabdeh qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu nazirlik ölkədə böyük bir beynəlxalq tədbirin keçirildiyi vaxtda belə bir problemin yaşandığına görə rəsmi açıqlama verməlidir".

Qeyd edək ki, son günlər xarici ölkələrlə internet üzərindən görüntü vasitəsilə əlaqə saxlamaq xeyli çətinləşib.

Xəbərlər