424
Dünən 12 may — 13:40

“Yatanda “kəlmeyi-şəhadət”imizi deyib yatırıq” – 100 yaşlı qəzalı binanın sakinləri

Bakıda istismar müddəti bitmiş köhnə yaşayış binalarının sökülməsi məsələsi yenə də gündəmə gəlib. Artıq “xruşşovka” layihəli binaların sökülərək yenilərlə əvəzlənməsi üçün rəsmi qərar da verilib. Amma paytaxtda hələ də sökülmə növbəsi çatmayan yaşı bir əsri ötmüş binalar var. Nərimanov rayonu, Kazımzadə küçəsində (keçmiş 4-cü “Zavokzalnı”) yerləşən iki mərtəbəli qəzalı binalarda yaşayan sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, artıq uçmamaq üçün binaya vurulan dirəklərin yaşını belə heç kim xatırlamır.

Sakinlərin sözlərinə görə, buradakı insanların həyatı təhlükə ilə üz-üzə qaldığından binalarla bağlı təcili qərar verilməlidir.

Bina sakini Allahyar Həsənov deyir ki, tikili 50 ildən artıqdır, qəzalı vəziyyətdədir. Binanın özü bir yana, dayaqları da həm ovulub, həm də gərilərək əyilib. Qısası, bu dayaqların özünün də dayağa ehtiyacı var.

“Bu binaların hərəsinin 105-110 yaşı var. Binalar 50 il əvvəldən qəzalı vəziyyətdə idi. Bir yerini təmir eləmək istəyəndə qum kimi ovulub tökülür. Bəlkə də, daşların arasında heç nə yoxdur. 110 ilin evi nə vəziyyətdə olar? Bu dayaqlar olmasa, bir əsrdən çox yaşı olan binalar çoxdan yerlə bir olardı. “Xruşşovka”lar 60-cı illərdə tikilib, indi onları sökürlər. Onlar hara, bu evlər hara? Hər axşam yatanda “kəlmeyi-şəhadət”imizi deyib yatırıq”, - deyə A. Həsənov bildirir.

Digər bir şikayətçi Nazilə Xıdırovanın sözlərinə görə, dəfələrlə mənzilini təmir etsə də, etdiyi təmir heç bir ay qalmır:

“Özünüz də görürsünüz ki, bina pis gündədir. Təmir edirsən, bir ay çəkmir, yenə tökülür. Burada mənzillərin sahibləri çoxu ev alıb köçüblər. Bu evləri isə kirayə veriblər. İndi binada qalanların əksəriyyəti kirayənişinlərdir. Mən 16 ildir burada yaşayıram. Evimin damı tamamilə çökmüşdü. Eşidəndə sökəcəklər, o qədər sevindim ki... Amma hələ də xəbər yoxdur”, - deyə N. Xıdırova bildirir.

Şikayətçilər həm də bu uçuq iki mərtəbəli binaların şəhərimizin gözəlliyinə xələl gətirdiyini deyirlər. Sakinlərin sözlərinə görə, bu il onlara binaların söküləcəyini deyiblər. Hətta söküntü işlərinə başlamaq üçün yaxınlıqda vaqonlar da qoyulub. Amma vaqon cəmi 10-15 gün qalıb, sonra götürüb aparıblar.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər