1422
Dünən 11 may — 12:35

Ermənilər ATƏT tədbirində XİN rəsmisinə və haqqin.az-a hücum çəkdilər

Gürcüstanda ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan “Feyk xəbərlər: dezinformasiya və KİV-lər” mövzusunda beynəlxalq konfrans zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycan XİN-in rəsmisi Hikmət Hacıyevin sözünü aqressiv şəkildə kəsməyə çalışıblar. Habelə haqqin.az portalı ilə bağlı hay-küy qaldırıblar.

Virtualaz.org xəbər verir ki, erməni mənbələrinin xəbərlərində konfrans iştirakçılarının Hikmət Hacıyevi çıxışını yarımçıq kəsməyə məcbur etdiyini iddia edirlər. Lakin XİN rəsmisi virtualaz.org-a açıqlamasında bunu təkzib edib. Bildirib ki, ermənilərin cəhdlərinə baxmayaraq çıxışını sona çatdırıb.

"Tədbirdə, mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları və bunun geniş xarakter almasına toxundum. Həmçinin dezinformasiya və saxta təbliğat kampaniyalarının qarşısının alınması üçün milli səviyyədə Azərbaycan hökumətinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdim.

Lakin erməni nümayəndələri konfransda aqressiv şəkildə, yerlərindən hay-küy qaldıraraq mənim çıxışımı kəsməyə cəhd göstərdilər. Onlar Ermənistanın dövlət məmurları, Ermənistan Prezidenti Administrasiyasının, XİN-in və mediasının nümayəndələri idilər, bununla onlar öz səviyyələrini göstərdilər. Ermənilər çox aqressiv, kobud şəkildə müdaxilə edirdilər, ancaq çıxışımızı axıra qədər davam etdirdik və auditoriyanın çoxsaylı suallara cavab verdik".

Hikmət Hacıyev deyib ki, Ermənistan nümayəndə heyəti haqqin.az portalının fəaliyyətindən də narazılıq bildiriblər, saytın məqalələrini tənqid ediblər. “Mən cavab verdim ki, Azərbaycanda söz azadlığı var və haqqin.az ölkənin azad KİV-lərindən biridir. Həmin sayt mənim özümü, XİN-i, digər dövlət strukturlarını tənqid edir. Bundan əlavə mən konfrans iştirakçılarının nəzərinə ermənilərin feyk xəbərlərlə işlədiyinin sübutu kimi onların haqqinaz.com adlı sayt yaradıb haqqin.az-ın adından yalan xəbərlər yaymaqla məşğul olduqlarını çatdırdım”-Hikmət Hacıyev bildirib.

Virtualaz.org

Xəbərlər