1157
Dünən 8 yanvar — 17:36

İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi

Urmiya Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi üçün müvafiq icazə alınıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Urmiya Universitetinin rektoru Rəhim Hubnəqi bildirib.

R.Hubnəqi deyib ki, gələn semestrdən universitetdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2 dərs tədris olunacaq. Azərbaycan dili dərsində iştirak könüllü olacaq.

Qeyd edək ki, Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır. Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir. Universitetin 487-dən çox müəllim-professor heyəti var.

Xatırladaq ki, 5 ay öncə İran Təhsil və Qiymətləndirmə Təşkilatı ilk dəfə olaraq 2016-2017-ci tədris ilində universitetlərin qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib. Humanitar fənlər üzrə tələbə qız və oğlanların 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəkləri açıqlanıb.

Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. İran Konstitusiyası 15 və 19-cu maddələrində ana dilində tədris məsələsini nəzərdə tutur. Lakin bu iki maddə uzun illərdir ki, icra olunmayıb. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti bu maddələrin icrasına başlayıb.

Xəbərlər