1193
Dünən 6 yanvar — 16:34

“Təzə bazar”da əti sümükdən ayıran “gecə sexi” aşkarlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti daxil olmuş məlumatlar əsasında “Təzə bazar”da reyd keçirib.

Bu barədə virtualaz.org saytına qurumun mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, reyd Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə keçirilib. “Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən, Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Ətin sümükdən ayırlması sexinə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvanın daxili orqanları aşkar edilib. Aşkar olunan ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olunmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib”, -Y.Xanvəli deyib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 445 kq heyvan əti və daxili orqanlar müvəqqəti saxlanmaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Keçirilən reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də əti sümükdən ayıran sexdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul edilərək tədbirlər görüləcək.

Ülviyyə

Virtualaz.org

Xəbərlər