827
Dünən 3 oktyabr — 15:53

Gədəbəyin Ermənistanla sərhəd bölgəsində tarixi mərasim

Bu gün Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin bir neçə kəndinə ilk dəfə təbii qazın verilməsi mərasimi keçirilib.

Virtualaz.org xəbər verir ki, bu bölgədə genişmiqyaslı qazlaşdırma SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin mart-aprel aylarında, yəni cəmi 6 ay əvvəl başlamışdı.

Bölgədə qazlaşdırma prezident İlham Əliyevin şəxsi göstərişi əsasında başlayıb. Şınıx  bölgəsinin birdən birə 9 yaşayış məntəqəsinin qazlaşdırılması Azərbaycanda son illər həyata keçirilən qazlaşdırma dövlət proqramının həyata keçirilməsi baxımından misli görünməmiş hadisə sayılır. Çünki olduqca mürəkkəb relyefə, çətin, qeyri-stabil hava şəraitinə baxmayaraq qazlaşdırma işləri bir gün də dayanmayıb, qışın gəlişinə qədər işlər böyük ölçüdə tamamlanıb.

Şınıx kəndlərinin yanacaq problemi barədə haqqin.az və virtualaz.org saytları dəfələrlə yazmışdı, sakinlərin müraciətlərini, qazsızlıq ucbatından bölgədən əhalinin köç etdiyini, kəndlərin boşaldığını, meşələrin tükəndiyini və ətraf mühitə böyük ziyan dəydiyini çatdırmışdı.

Əslində bu bölgədə qazlaşdırma işləri prezident İlham Əliyevin təlimatı ilə hələ 2010-cu ildə başlamışdı. O dövrdə bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, 27 yaşayış məntəqəsindən təxminən 5-i qazlaşdırılıb, amma işlər yarımçıq qalmışdı. Və sakinlər dəfələrlə müxtəlif instansiyalara müraciətlər göndərərək qalan kəndlərin də qazlaşdırılmasını xahiş etmişdilər.

Nəhayət ötən ilin sonlarında bu strateji əhəmiyyətli bölgənin (eyni zamanda hərbi bölgənin) sakinləri saytımız vasitəsilə müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanladılar. Nazirdən xahiş edilirdi ki, bölgənin hərbi-strateji əhəmiyyəti nəzərə alınaraq əhalinin yanacaq problemi üzündən miqrasiyasını dayandırmaq üçün qazlaşdırma məsələsini müvafiq strukturların diqqətinə çatdırsın.

Bu, əslində misli görünməmiş presedent idi-sərhəd bölgəsinin sakinləri mülki məsələnin həlli üçün müdafiə nazirindən kömək istəyirdi. Və bu müraciət nəticəsiz qalmadı və müdafiə naziri məsələni həm müvafiq strukturların, o cümlədən Nazirlər Kabinetinin diqqətinə çatdırıb. Eyni zamanda sakinlərə verilən məlumata görə şəxsən Ali baş komandana məruzə edib. Nəticədə İlham Əliyev bölgədə qazlaşdırmanın başa çatdırılması üçün qəti göstəriş verib.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir ki, dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularını işçilər bəzi hallarda əllə həmin ərazilərə daşıyıblar. Üstəlik bu il bölgədə hava şəraiti olduqca qeyri-sabit, yağıntılı keçib. Buna baxmayaraq işlər bir gün də olsun dayanmayıb və qışın gəlişinə qədər böyük ölçüdə tamamlanıb. Bölgənin daha 9 kəndi qazlaşdırılıb.

Və bu gün oktyabrın 3-də Şınıx bölgəsinin Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu  kəndlərinə təbii qazın verilməsi münasibəti ilə rayon rəsmilərinin və “Azəriqaz” İB-nin rəsmilərinin iştirakı ilə mərasim olub.

Mərasimdə bildirilib ki,  cəmi  852 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106 541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilibr ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.  

 Bundan əlavə Gədəbəy rayonunun Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər,Məmmədcəfərli,Dördlər,Qasımlı,Motudərə və  rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir.Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcəkdir.

Tədbirdə çıxış edən sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan prezidenti  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bölgə sakinləri habelə müdafiə naziri Zakir Həsənova minnətdarlıq edirlər, deyirlər ki, onların müraciətinin şəxsən prezidentə çatdırılması məhz müdafiə nazirinin sayəsində baş verib.

“Dəfələrlə müxtəlif instansiyalara müraciətlər edirdik, amma nəticə olmurdu. Nəhayət ötən ilin payızında virtualaz.org və haqqin.az saytları vasitəsilə müdafiə naziri Zakir Həsənova müraciət göndərməyi qərara aldıq. Çünki bizim bölgə cəbhə bölgəsidir, cənab nazir tez-tez bu bölgəyə baş çəkir. Bölgə sakinlərinin Zakir Həsənova xüsusi hörməti, rəğbəti var, çünki ordumuzun gücləndirilməsi üçün Ali baş komandanın rəhbərliyi altında onun gördüyü işlərin bilavasitə şahidiyik. Sağ olsun, müraciətimizi cavabsız qoymadı, prezidentə çatdırdı. Baxmayaraq ki, onun sahəsinə aid deyildi. Bu doğrudan da tarixi gündür, prezident İlham Əliyevə minnətdarıq, qaz çəkilməsində əməyi olan hər kəsə minnətdarıq. “Azəriqaz”ın işçiləri çox çətin şəraitdə, pis hava şəraitinə baxmayaraq qazlaşdırmanı cəmi bir neçə aya tamamladılar, biz sakinlər də əlimizdən gələn köməyi əsirgəmədik”-bunu Zamanlı kənd sakini Sahib Məhərrəmov deyir.

Sakinlər deyirlər ki, qazlaşdırmanın nəticəsi olaraq tezliklə bu kəndlərdə əhalinin güzəranı da yaxşılaşmağa başlayacaq, yanacaq probleminin həlli sosial-iqtisadi inkişafa ciddi təkan verəcək.

Virtualaz.org

Xəbərlər