2561
Dünən 6 sentyabr — 17:22

Bakıda 200 manatlıqları ayaq altına səpən tələbə qalmaqalı

Sosial şəbəkələrdə tələbə olduğu bildirilən azərbaycanlı gəncin Bakıda avtomobillə gedərkən 200 manatlıq əskinasları ayağının altına səpməsini əks etdirən video görüntülər yayılıb. Kadrlarda tələbə bileti görünən bu şəxsin İqtisad Universitetinin 3-cü kurs tələbəsi İlkin Süleymanov olduğu görünür. Amma tələbənin “imkanlı olmasını” bu cür nümayiş etdirməsi ona baha başa gəlib. Gəncin bu hərəkəti qəzəblə qarşılanıb və sosial şəbəkə istifadəçiləri onu  qudurğanlıqda və görməmişlikdə ittiham ediblər. Ünvanına söyüşlər söyüblər. Bu görüntüləri saytlardan bir neçəsi xəbərə çevirib yayıb.

İ. Süleymanovun “Instagram” səhifəsindən nömrəsini əldə edib özü ilə əlaqə saxladıq.  Amma telefonu özünü İ. Süleymanovun anası kimi təqdim edən qadın açdı. O, oğlunun çox böyük səhv etdiyini və o pulların ona və ailəsinə məxsus olmadığını dedi.

“Bu, nə oğluma, nə ailəmizə yaraşan hərəkətdir. Kiməsə qoşulub bu hərəkəti edib. Çox böyük səhv eləyib. Sizi dəvət edirəm, gəlin, Masazır qəsəbəsində bizim yaşadığımız evi özünüz görün. Görün ki, mən və övladlarım hansı şəraitdə yaşayırlar. O pullar bizim deyil. Kimsə maşın almağa gedib, o da həmin dostu ilə gedirmiş. O pullar da dostunundur, götürüb səpib videoya çəkib. Atası tikintidə briqadirdir, biz quru maaşa baxan insanlarıq, mənim olmayan şeyi necə çəkib paylaşmaq olar? Onun heç valideynləri 200 manatlıq pul görməyiblər. Heç görən adamlar bu cür reklam etmirlər, ayıb olsun ona. Ancaq görməmişlər reklam edirlər, həm də o şəkildə”-ana oğlunun ünvanına tənbehləri virtualaz.org saytı ilə bölüşüb.

O, həmçinin həyat yoldaşının ağır şəkər xəstəsi olduğunu, hələ hadisədən xəbərsiz olduğunu deyib: “ Hələ atasının xəbəri yoxdur. Özü də atası ağır şəkər xəstəsidir. Mən özüm  də eşitmişəm, hələ özümə gələ bilməmişəm, təzyiqim qalxıb. Mən hələ onun keçən ildən qalan 500 manat təhsil haqqını ödəyə bilməmişəm. Məni də  ən çox bu təsir  edir. Keçən ildən bu yana əlli dəfə dekanlığa gedib xahiş etmişəm ki, onu imtahana buraxsınlar. Bunun hərəkətinə bir bax. Atası bilsə necə olacaq, onu bilmirəm”.

Qeyd edək ki, bu hadisənin ictimailəşməsindən sonra gənc sosial şəbəkədəki hesabında olan şəkillərini silib.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər