2226
Dünən 4 avqust — 13:00

Fransadakı o qadağadan bizdə niyə yoxdur?

Fransa parlamenti bu günlərdə yaşı 15-dən aşağı olan məktəblilərə mobil telefondan istifadəni qadağan edən qanun qəbul edib. Qadağa həmçinin məktəbə hazırlıq siniflərində və orta məktəblərdə internetə bağlantısı olan bütün digər vasitələrə, o cümlədən, planşetlərə və “ağıllı” saatlara da aiddir.

Virtualaz.org xəbər verir ki, artıq bu ilin sentyabrından tətbiqi gözlənilən yeni qanun təkcə şagirdlərə deyil, müəllimlərə də məktəbdə mobil vasitələrdən tədris məqsədindən başqa bütün digər məqsədlərlə istifadəni qadağan edəcək.

"İrəli, Respublika!” partiyası tərəfindən irəli sürülən qanun layihəsini  Fransanın xalq təhsili naziri Jan-Mişel Blanker də yüksək qiymətləndirib və bildirib ki, onun tətbiqi şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərəcək, onları mövzuya yönəltməyə və öyrənmə üçün əlverişli mühit yaratmağa imkan verəcək. O, həmçinin qeyd edib ki, yeni qanun daha möhkəm hüquqi bazanın yaradılmasına və şagirdlərin telefonlardan asılılığının azaldılmasına səbəb olacaq.

Fransa kimi inkişaf eləmiş Avropa dövlətində məktəblilərin mobil telefondan istifadəsinin qadağan olunması problemin təkcə Azərbaycan üçün aktual olmadığını göstərir.

Nəzərə alaq ki, Azərbaycanda da orta məktəblərdə, hətta ibtidai siniflərdə şagirdlərin dərsə mobil telefonla gəlməsi adi haldır. Bu da məktəblilər arasında smartfonlar vasitəsilə intihara sürükləyən təhlükəli oyunlara aludəçilik, habelə qəddar zorakılıq, açıq-saçıq görüntülər əks etdirən, interneti başına götürmüş görüntülərə baxılması hallarını artırır.

"Məktəblərdə telefon qadağası çoxdan tətbiq olunmalı idi"- ekspert

Bəs oxşar qadağa Azərbaycanın da təhsil müəssisələrində tətbiq oluna bilərmi? Bunun hansı müsbət nəticələri ola bilər?

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, orta məktəblərdə mobil telefondan istifadənin yasaqlanması çoxdan lazım idi və bu məsələdə hətta bir qədər də gecikmişik.

“Fransa hökumətinin bu qərarı çox yaxşı, düşünülmüş qərardır. Bir çox inkişaf etmiş ölkələrdə məktəblərin girişində telefonla danışmaq imkanını məhdudlaşdıran xüsusi qurğular quraşdırılıb. Bütün hallarda məktəblədə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, ümumiyyətlə təlim-tərbiyə prosesinə mənfi təsir edir. Bu qərar bizdə də qəbul olunsa, çox  yaxşı olar. Telefonların şagirdləridən alınması o deməkdir ki, məktəbə çox böyük etimad var”, - deyə E. Əliyev qeyd edir.

Qeyd edək ki, Bakı şəhərində şagirdlərin böyük hissəsi öz yaşadıqları evdən xeyli kənarda yerləşən məktəblərə daşınırlar. Buna görə də, bəzi valideynlər düşünə  bilərlər ki, mobil rabitə lazımdır. Amma ekspert hesab edir ki, dərslərin başlanma və bitmə vaxtı bəlli olduğu halda mobil əlaqənin heç bir əhəmiyyəti yoxdur.

Mütəxəssis bildirir ki, sinifdə dərs vaxtı üçün müəyyənləşdirilən 45 dəqiqə standart davamiyyətin yoxlanması, dərsin izahı, tapşırıqların həlli üçün elə də böyük vaxt deyil. Bunun da bir hissəsinin telefon danışıqlarına və digər telefon əyləncələrinə sərf olunarsa, tədris mümkün olmayacaq.

 Etibar Əliyev deyir ki, Azərbaycanda “Təhsil  haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunacaq və bu barədə öz təkliflərini verəcək: “Belə bir qanunun qəbul olunması bizdə də vacibdir. Düşünürəm ki, bunu üçün kifayət qədər vaxt da var və bunu “Təhsil haqqında” qanunda nəzərə almaq mümkündür. Dərs prosesini pozacaq bütün kənar vərdişlər və cihazlara qadağa qoyulmalıdır. Mən də Milli Məclisdə işçi qrupda təmsil olunuram. Artıq qanunun ilk modeli bizə tədim olunub. Parlamentdə bu qanunun müzakirəsi üçün çox şəffaf abu-hava var.

Biz işçi qrupun iclasında bununla bağlı öz təkliflərimizi verəcəyik”.

"Qadağa problemi qismən aradan qaldıra bilər" - millət vəkili

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunun qəbulu problemi qismən həll edə bilər: “Qanun normativ aktların icrasına təsir edə bilmir. Bunun üçün cəmiyyətin ümumi şüur səviyyəsi yüksək olmalıdır. Çünki bizdə üzgörənlik var və kimsə yol tapıb məktəbə telefon keçirəcək. Həbsxanaya da telefon keçirilməsi qadağandır, amma ora da müxtəlif yollarla telefon keçirənlər tapılır. Ona görə də, bu problemin qadağa ilə həll lunacağına ümid bəsləmirəm. Qadağanı qismən də olsa, təhsildən yayınmanın qarşını almaq üçün profilaktik addım hesab etmək olar. Amma səmərəli olacağını düşünmürəm”, - deyə millət vəkili bildirir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər