854
Dünən 3 avqust — 14:09

İnsan alverinin qurbanı Gülnarə yeni həyata necə qayıtdı

Türkiyədə insan alveri qurbanı olmuş Gülnarə (ad şərtidir) USAID-in maliyyələşdirdiyi, Beynəlxalq Miqrasiya Təşkilatının layihəsi əsasında yaradılan sığınacağın yardımı vasitəsilə öz həyatını yenidən qurur.

Virtualaz.org xəbər verir ki, bir il cinsi istismara məruz qalan azərbaycanlı qadına sığınacaqda psixoloji, tibbi və hüquqi yardım göstərilib. Yavaş-yavaş sığınacağın işçiləri və xidmətlərinin köməyi ilə o, cəmiyyətə yenidən qayıtmaq üçün özünə inam və ləyaqəti bərpa edə bilib.

Gülnarənin problemləri həyat yoldaşı onu tərk edərək 12 yaşlı qızlarına təkcə baxmağa məcbur olduğu zaman başlayıb. Əlində yalnız orta məktəb diplomu olan tənha ana kimi o, evlərdə xadimə işləyərək təsadüfi işlərlə məşğul olurdu. Əvvəlcə, Gülnarə özünə və qızına çatacaq qədər pul qazana bilsə də, lakin sonra atasının ciddi xəstəliyə düçar olması, müalicə xərcləri onun aylıq gəlirini üstələyib. Daha yaxşı məvacibli iş axtararkən Gülnarəyə Türkiyədə evdar köməkçi kimi iş imkanı təklif olunub. Vəd olunan maaş qızına baxmağa və atasının müalicəsinə kifayət edəcəkdi. İş təklifinin real olduğuna inanaraq o, qızını bacısı ilə qoyaraq Türkiyəyə üz tutub.

Gəlib çatdıqda Gülnarə gözlədiyindən fərqli bir reallıqla üzləşib. Vəd olunan iş yerinə aparmaq əvəzinə Türkiyədəki əlaqələndirici şəxs ölkədən qaçışının qarşısını almaq üçün onun pasportunu əlindən alıb və fahişəliyə məcbur edib.

Bir il cinsi istismardan sonra Gülnarə dostunun köməyi ilə onu əsarətdə saxlayanlardan qaçmağı bacarıb. Azərbaycana qayıtdıqdan sonra hökumət orqanları mütəşəkkil kriminal qrupu müəyyən edib və Gülnarənin məhkəmədə cəsarətli ifadəsinin köməyi ilə onları məsuliyyətə cəlb edə biliblər.

Lakin insan alveri qurbanlarının cəmiyyətdə damğalarla üzləşdiyi səbəbdən Gülnarə öz ailəsinə və ya icmasına qayıda bilmirdi. Azərbaycanın İnsan Alveri ilə Mübarizə İdarəsinin əməkdaşları onu yerli vətəndaş cəmiyyətinin nəzdində bir sığınacağa yönəldiblər.

Həmin sığınacaq Azərbaycanın insan alveri ilə mübarizə səylərinə dəstək göstərən, USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının icra etdiyi layihənin bir hissəsidir. Sığınacaqda Gülnarəyə psixoloji, tibbi və hüquqi yardım göstərilib və yavaş-yavaş sığınacağın işçiləri və xidmətlərinin köməyi ilə o, cəmiyyətə yenidən qayıtmaq üçün özünə inam və ləyaqəti bərpa edə bilib.

“Sığınacaq daha yaxşı gələcək üçün mənim ümid yerim oldu. Burada mən təkcə maddi dəstək yox, həm də möhkəm olmaq üçün mənəvi dəstək aldım,”, - deyə Gülnarə qeyd edir.

Sığınacaq əməkdaşlarının məsləhəti ilə Gülnarə uşaqlar üçün əyləncə tədbirlərində çıxış edən aktyorlar truppasına qoşulub. O, artıq iki ildir ki həmin qrupla bərabərdir və öz işində inkişaf etməkdədir. Uşaqlara sevinc və əyləncə bəxş etmək onu daha da ruhlandırır: “Sığınacaq mənə gülməyi öyrətdi və onların işi məni digərlərini güldürməyə, kömək etməyə ruhlandırdı,” - deyə o, söyləyir.

Beynəlxalq Miqrasiya Təşkilatının 2018-ci il üzrə Ümumdünya Miqrasiya Hesabatına əsasən, cinsi istismar insan alverinin ən çox yayılmış formasıdır. Azərbaycan Daxili İşlər Nazirliyinin statistik məlumatına əsasən Azərbaycan bu baxımdan istisna deyil – insan alveri ilə bağlı təqib edilmiş cinayətlər əsasən cinsi istismarla əlaqədardır.

Qeyd edək ki, 2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyəti sığınacağına dəstək göstərərək həssas qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar və insan alveri qurbanlarına köməklik edib. Qalmaq yerindən əlavə sığınacaqlar qadın və uşaqları psixoloji, tibbi və hüquqi yardımla təmin edir ki, bununla da onlara həyatlarını bərpa etməyə və cəmiyyətə qayıtmağa kömək edir. 2015-ci ilin oktyabrından 2018-ci ilin martınadək layihənin dəstəklədiyi üç sığınacaq 100-dən çox təsdiq olunmuş və ehtimal edilən insan alveri qurbanına, habelə 1000-dən çox insan alverinin təsiri altına düşə biləcək insana birbaşa yardıb edib.

2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib. Şərqi Avropa və Avrasiya regionunda əsas səylər Balkan ölkələrində və Şərqi Avropada, habelə keçmiş Sovetlər Birliyinin hədəf ölkələrində, o cümlədən Ukrayna, Belarus, Moldova, Bosniya və Azərbaycanda insan alverinin qarşısının alınması və qurbanlara yardıma yönəlib.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər