764
Dünən 7 iyul — 13:04

Bakıda qaz borusunun kənarı ilə avtomobil yolu çəkilir

Bakının Xəzər rayonu ərazisində salınan Buzovna-Mərdəkan-Qala yolu Mərdəkan qəsəbəsi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Yolun Mərdəkan ərazisindən keçən hissəsi (Polis Akademiyasının yaxınlığı) bütün Abşeronu qazla təmin edən iri qaz borusuna bitişib. Hətta yolun bəzi hissələrində təmir üçün olan mişar daşları da borunun üstünə tökülüb.

Bu şikayətlə virtualaz.org-a qəsəbədə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əslində yol borudan aralı çəkilməli olsa da, aidiyyati orqanlar buna heç əhəmiyyət də verməyiblər: “Bu çox dəhşətli və acınacaqlı haldır. Yol diametri 1 metr olan iri qaz borusuna birləşib. Əslində isə belə yollar çəkilən zaman borudan aralı çəkilməlidir, boru ya torpağa basdırılmalı, ya da yuxarı qaldırılaraq aparılmalıdır. Təsəvvür edirsinizmi, əgər yolu keçən maşınlardan biri boruya toxunsa, orada böyük partlayış ola bilər, nə qədər adam ölə bilər?”, - deyə sakinlər bildirirlər.

Mərdəkan sakinləri həmçinin deyirlər ki, əvvəlcə daha enli yolun tikintisi nəzərdə tutulub və boru yoldan kənarda qalmalı idi. Lakin sonradan daha ensiz yol çəkilməyə başlayıblar. Sakinlər yolun düz borunun kənarından heçməsini təxribat hesab edirlər.

Problemi araşdırmaq üçün həmin ərazidə yolun çəkilişi ilə məşğul olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Amma Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli heç bir narahatçılığa əsas olmadığını bildirdi: “O qaz borusu ilə bağlı heç bir problem yoxdur. Narahatlığa da əsas yoxdur. Çünki boru yoldan aralıda qalacaq. Qaz borusuna qədər təxminən 2-3 metr enində yol çiyni olacaq”, - deyə A.Nəcəfli bildirib.

Xatırladaq ki, Buzovna-Mərdəkan-Qala avtomobil yolu 2013-cü ildə salınıb. Ümumi uzunluğu isə 12,4 kilometr olan yol 4 əsas hərəkət zolağından ibarətdir.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər