1892
Dünən 5 iyul — 16:42

İnternetdən sifariş verilən mobil telefonların Azərbaycana buraxılması niyə ləngidilir...

Xaricdən internet vasitəsilə alınan mobil telefonların gömrükdən ölkəyə buraxılmır. Telefon sifarişçilərinə bankdan çıxarış gətirməyəcəyi təqdirdə bağlamalarının verilməyəcəyi bildirilir.

Bu şikayətlə virtualaz.org-a bir neçə müraciət gəlib. Onlayn üsulla satış məqsədilə deyil, özü üçün bir ədəd telefon aldığını bildirən Səxavət Rəhimov deyir ki, 10 gündür telefonu götürə bilmir: “Şəxsi istifadə üçün mimelon.com saytından telefon sifariş vermişəm, amma gömrükdə saxlanıldığına görə 10 gündür ki, telefonumu ala bilmirəm. Gömrük əməkdaşları – Şahlar və İsmayıl adlı şəxslər mənə problem yaradırlar. Deyirlər get hara istəyirsən şikayət et, vermirik. Ya rüsum ödəməlisən, ya da geri qaytaracağıq. Axı mənim haqqımdır ki, bir telefonu şəxsi istifadəm üçün rüsumsuz ölkəyə gətirim”, - deyə S. Rəhimov bildirir.

Digər şikayətçi D. Həmidzadə isə gömrükdə heç bir əsas olmadan xeyli şəxsin telefonun saxlanıldığını deyir: “İyunun 17-si gələn bağlamam PDM-də gömrük işçiləri tərəfindən qanunsuz saxlanılıb və mənə heç bir məlumat verilmədən poçt şöbələrinə göndərilmir. Gərək camaat özü bağlamasının harada olduğunu araşdırsın. Söhbət külli miqdarda qanunsuz gətirilən telefonlardan yox, 1-2 bağlamadan gedir. Mən öz adima cəmi 2 telefon sifariş etmişəm və onları 20 günə yaxındır ki, saxlayıblar. Mənim kimi çox adamlar tanıyıram ki, belə telefon sifariş edib ölkəyə buraxılmır. Deyirlər gəlin gömrükdən götürün. Ora da gedirsən deyir bankdan bu telefonu almağın haqqında çıxarış gətir. Bu nə dərəcədə düzgündür?”

Problemlə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən virtualaz.org-a bildirdilər ki, DGK tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib. Asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

“Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir. Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır. Digər tərəfdən,  gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir”-DGK bildirir.

Komitədən həmçinin bildirdilər ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir. Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur.

“Sifarişlərin çatdırılmasında baş verən geçikmələrin əsas səbəblərindən biri də “Azərpoçt” MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək  baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir”.

Komitədən bildirilib ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı  aidiyyatı dövlət qurumlarına müraciət olunacaq.

G. Əliyeva

Virtualaz.org

Xəbərlər