547
Dünən 6 iyun — 12:41

Hakim təqsirləndirilən qadına xəbərdarlıq etdi: “Bu qəfəslə aranız bir addımlıqdır”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 38 yaşlı Rəna Qurbanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Virtualaz.org-un xəbərinə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs bir saata yaxın məhkəmə iclasına gecikdiyinə görə hakim tərəfindən ona xəbərdarlıq edilib. Növbəti iclaslara gecikəcəyi təqdirdə barəsində həbs qətimkan tədbiri seçiləcəyi bildirilib: “Ağır cinayətdə ittiham olunursunuz. Bu qəfəslə sizin aranız bir addımlıqdır. Niyə məhkəməyə gecikirsiniz? Ötən dəfə də məhkəmə iclasına içkili vəziyyətdə gəlmisiniz”.

R.Qurbanova müstəntiq tərəfindən çağırıldığını, məhkəmə iclasına bu səbəbdən gecikdiyini bildirib.

Prosesdə həmçinin zərərçəkmiş Sergey İqoreviç də iştirak etməyib. R.Qurbanova hadisədən sonra keçmiş sevgilisi ilə küsülü olduqlarını, onun məhkəmə gəlməməsinin səbəbini bilmədiyini deyib.

Məhkəmə baxışı iyunun 12-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 6-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. R.Qurbanova qeyri-rəsmi nikahda yaşadığı 33 yaşlı Sergey İqoreviç Ustinovu bıçaqlayıb.

R.Qurbanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər